AZ

Sea Breeze də yeni satış ofisi açıldı: Kompleksin birinci inkişaf fazasının unikal maketi təqdim edilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Bu gün Sea Breeze-də Landau məktəbinin yanında, kompleksin yeni girişində yerləşən yeni satış ofisinin təntənəli açılışı keçirilib. Yeni ofis müştərilər, investorlar və rezidentlər üçün ölkənin ən iri sahilyanı layihəsinin inkişaf planlarını vizual şəkildə təqdim edəcək müasir məkan rolunu oynayacaq.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Sea Breeze-in təsisçisi Emin Ağalarov bildirib ki, yeni ofisin əsas elementini kompleksin birinci inkişaf fazasının unikal maketi təşkil edir.

Onun sözlərinə görə, Sea Breeze aktiv inkişaf mərhələsinə qədəm qoyub, belə ki, yeni yaşayış layihələri yaradılır, turizm və sosial infrastruktur inkişaf etdirilir, ekoloji məsələlərə xüsusi diqqət yetirilir. Yaxın illərdə burada beynəlxalq brendlərin otelləri, 50 min nəfərlik konsert arenası, eləcə də 323 metrdən yüksək simvolik memarlıq layihələri inşa ediləcək.

“10 il ərzində möhkəm təməl qoyduq və gələn yayadək işlər xüsusilə intensivləşəcək. Birinci fazamız “Köhnə şəhər” kimi “Köhnə Sea Breeze” adını aldı, gələcəkdə bu ərazi prestijli yaşayış zonası olacaq. Turizm hissəsi isə yollar, parkinqlər və əlavə xidmətlərlə zənginləşəcək ki, burada hamıya rahat olsun”, – deyə Emin Ağalarov bildirib.

O əlavə edib ki, Sea Breeze-in çimərliyinin uzunluğu təxminən 6 kilometrdir və yaxın zamanda dünya səviyyəli kurortlarla rəqabət apara biləcək: “Xüsusi qürur mənbəyimiz — simvolik layihəmiz “Caspian Dreamliner”dir. Əminəm ki, kompleksin simvoluna və Dubayın Burc-Xəlifəsi kimi məşhur görməli yerlərdən birinə çevriləcək. “Marina Village”i inkişaf etdiririk, burada mənzillər artıq aktiv istismara verilir və tezliklə yeni layihələrimiz olan “Marina faza 2” və “Montecarlo” istifadəyə veriləcək. Gələn il “Marina” akvatoriyasında daha çox yaxta olacaq. İdman həvəskarları üçün isə 130 metr uzunluğunda Avropanın ən böyük süni dalğası, ilboyu fəaliyyət göstərəcək sörf dalğası inşa olunur”.

Avropada ən böyük, dünyada isə beşinci ən böyük dünya səviyyəli kazino inşa edildiyini vurğulayan Emin Ağalarov əlavə edib: “Bu, qış turizminin inkişafına təkan verəcək və investisiya üçün yeni imkanlar yaradacaq. Bu il həmçinin müasir “Referans” klinikası açılacaq ki, rezidentlər və qonaqlar üçün infrastruktur tamamlanmış olacaq. Ekologiyaya böyük diqqət yetirilir. Hər il milyonlarla ağac və bitki əkirik ki, Sea Breeze regionun ən yaşıl şəhərinə çevrilsin. Bu payızdan etibarən bütün damlar Günəş panelləri ilə təchiz olunacaq, suyun emalı və təmizlənməsi həyata keçiriləcək, dənizdə isə külək generatorları qurulacaq.”

İş adamının sözlərinə görə, qarşıdakı layihələr arasında “Skyline District”, akvariumlu “Caspimayr”, yeni “Dreamliner” və 323 metrdən yüksək simvolik qala da yer alır. Tikili Dubaydakı Gələcəyin Muzeyini yaradan komanda tərəfindən dizayn edilib. Bu, regionun yeni memarlıq dominantına çevriləcək.

“Radisson”, “Hilton”, “Hyatt”, “Swisshôtel” və digər bir sıra yeni otellərin açılışı hazırlanır ki, bu da Sea Breeze-in ilboyu fəaliyyət göstərməsini, beynəlxalq konfranslar və turistləri qəbul etməsini təmin edəcək.

Bugünkü məkan 10 min tamaşaçı qəbul edə bilir. Yeni konsert arenası isə artıq 50 min qonaq üçün nəzərdə tutulub. Bu, dünya səviyyəli sənətçiləri dəvət etməyə və xarici turistləri qəbul etməyə imkan verəcək. “Biz bu layihəni “Sea Breeze Event Hall” adlandırırıq və o, regionun yeni mədəniyyət mərkəzinə çevriləcək”, — deyə Emin Ağalarov vurğulayıb.

Başqa bir iddialı ideya “Formula-1” trasının Sea Breeze-ə köçürülməsidir: “Hazırda danışıqlar aparılır, buna görə xəbər hələ rəsmi deyil. Amma hər şey uğurla keçsə, yarışı Bakı mərkəzindən kompleksimizə köçürə biləcəyik. Bu, şəhəri yüngülləşdirəcək, müasir nəqliyyat infrastrukturu yaradacaq və layihəyə yeni beynəlxalq səs-küy gətirəcək. Əminəm ki, “Sea Breeze City Race” dünya miqyaslı hadisəyə çevriləcək”.

Layihə təsisçisi əlavə edib ki, Sea Breeze konsepsiyası o qədər uğurlu oldu ki, onun digər ölkələrə köçürülməsi başlandı: “İlk tərəfdaşımız Özbəkistan oldu, orada Çarvak su anbarının sahilində Sea Breeze-ə oxşar layihə həyata keçirilir. Orada eyni “show-house”lar, eyni infrastruktur olacaq və orada olan insan dərhal anlamayacaq ki, bura Azərbaycandadır, yoxsa Özbəkistan. Gələcəkdə oxşar layihələr üçün digər ölkələri də nəzərdən keçiririk. Biz həmçinin, Şahdağ layihəsi üzərində işləməyə başlamışıq. Orada artıq üç otel fəaliyyət göstərir, amma tələb təklifdən xeyli çoxdur. Dövlətlə birgə bu kurortu inkişaf etdirməyi, şale üslubunda rahat dağ şəhəri yaratmağı, mərkəzi küçə, otellər və apartamentlər yaratmağı təklif etdik. Əminəm ki, yaxın aylarda bu layihəni satışda görəcəksiniz”, - deyə Emin Ağalarov planlarını paylaşıb.

O, həmçinin artıq bu gün satışa çıxarılan layihələrdən danışıb.

“Birincisi, “Prague Residences”dir ki, gələcək kazinonun yanında yerləşən prestijli kompleksdir. İkincisi, “Paradise”. İnvestisiya potensialı olan müasir yaşayış kvartalıdır. Üçüncüsü, “Port d’Azur”. Landau məktəbinin yaxınlığında, terraslar və hovuzlarla təchiz olunmuş möhtəşəm layihədir. Dördüncüsü, dənizin birinci xəttində yerləşən “Moni” layihəsidir ki, bunun üçün biz xüsusi şərtlər hazırlamışıq: ilkin ödəniş yalnız 5 faiz və 48 aylıq taksit imkanı. Həmçinin satışa 48 aylıq taksitlə “Star Residences 2” çıxır. “Park Svetlana” kompleksində 15 faiz endirim və 36 aylıq taksit olaraq kampaniya mövcuddur. Özəlliyi ondadır ki, layihə artıq demək olar tamamlanıb, buraya hazırda köçüb yaşamaq mümkündür. Nəhayət, “Park Residences”. Burada çevik şərtlər nəzərdə tutulub, belə ki, 15 faiz ilkin ödəniş və 36 aylıq taksit. Beləliklə, Sea Breeze bu gün yeni yaşayış komplekslərindən və dünya səviyyəli unikal layihələrdən ekoloji davamlı inkişaf və beynəlxalq ekspansiyaya qədər maksimal geniş imkanlar təqdim edir. Əminəm ki, 2029–2030-cu illərdə planlarımızın böyük hissəsi həyata keçiriləcək və Sea Breeze həqiqətən unikal şəhərə - müasir, yaşıl və rahat yaşamaq və istirahət üçün uyğun məkana çevriləcək”, - deyə sahibkar bildirib.

Sea Breeze-in satış və investisiya direktoru Ena-Kameliya Məlikova vurğulayıb ki, şirkət miqyasa və keyfiyyətə üstünlük verir: “Maketimiz ölkədə ən böyükdür və bu, ümumi ərazisi 1750 hektar olacaq gələcək şəhərin yalnız bir hissəsidir. Bu gün Sea Breeze-də artıq 20 min sakin var, gələn iki ildə onların sayı 50 mini keçəcək. Perspektivdə şəhər yarım milyon insana hesablanıb. Xidmət və infrastrukturdan investisiya gəlirliyinə qədər bütün detalları diqqətlə planlaşdırırıq. Məhz buna görə də investorlarımız layihəni yüksək qiymətləndirirlər”, — deyə o bildirib.

AZƏRTAC-ın müxbiri ilə söhbətdə kompleksin sakini, Sea Breeze-də iki mənzilin sahibi Toğrul Paşayev qeyd edib ki, burada daşınmaz əmlaka tələb sabit şəkildə yüksəkdir: “Mənim tövsiyələrimlə artıq yeddi mənzil daha alınıb. Şəhər əmlakı ilə müqayisədə, burada illik qiymət artımı ildə 20–25 faizə çatır, şəhərdə isə bu göstərici 10–15 faizdir. Bu, kompleksin həm yaşayış, həm də turizm istiqamətli olması ilə bağlıdır ki, bu da həmişə alıcıların yüksək marağına səbəb olur”, — deyə o, vurğulayıb.

Beləliklə, tədricən dünya səviyyəli müasir və ekoloji şəhərə çevrilən Sea Breeze-in yeni satış ofisi layihənin inkişafında növbəti addım oldu.

Tədbir çərçivəsində viktorina keçirildi və qaliblərə Sea Breeze tərəfindən hədiyyələr təqdim olundu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
azertag.az

1Mənbələr