AZ

Tarixi Qələbədən dövlət suverenliyinin tam bərpasına gedən yol

20 sentyabr tarixi Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu əlamətdar gün Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin və şərəfli tarixin bir simvoludur. Qarabağda həyata keçirilmiş antiterror əməliyyatları Azərbaycanın suverenliyinin bərpası və ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm bir mərhələ oldu. Bu gün biz əminliklə deyə bilərik ki, Dövlət suverenliyinin tam bərpası əməliyyatının keçirilməsi həm də ümumilikdə Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olması üçün zəruri idi. Bəzi anti-Azərbaycan əhval-ruhiyyəli Qərb dövlətləri ölkəmizi beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması ilə nəticələnmiş həmin hadisəyə görə qınamağa çalışsalar da qlobal miqyasda dünya ölkələri Azərbaycanın bu addımını təqdir edir və əldə olunmuş nəticələri yüksək qiymətləndirirlər. Azərbaycanın 2023-cü ilin sentyabr ayında keçirdiyi və Dövlət suverenliyinin tam bərpasına yönəlmiş əməliyyat Qarabağda separatizmin kökünü kəsə biləcək yeganə effektiv təsir vasitəsi idi. Artıq dünya bu faktı da qəbul edir ki, əgər Azərbaycan ərazilərinin 30 il davam edən işğalı dövründə məlum Qərb dairələri qərəzli mövqelərdə durmasaydılar və Ermənistanı BMT qətnamələrinin icrasına məcbur etsəydilər bu zaman nə 2020-ci ildə II Qarabağ savaşına, nə də 2023-cü ildə suverenliyin bərpası əməliyyatının keçirilməsinə heç bir ehtiyac qalmazdı. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Belə bir günün təsis edilməsi gələcək nəsillər, dövlətçiliyimiz üçün əhəmiyyətlidir. Azərbaycan dövləti müstəqil olsa da, suveren deyildi. Həmin suverenliyi cənab Prezidentimiz İlham Əliyev qurdu. Millətimizin indiki və gələcək nəsillərinə necə yaşamağın düsturunu, formulunu cənab Prezidentimiz  İlham Əliyev göstərdi. Ona görə də Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. Unutmayaq ki, suverenlik dövlətin mövcudluğunun və müstəqilliyinin əsas elementidir: Çünki dövlət suverenliyi dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü və beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir.

Bu gün Azərbaycan öz torpaqlarını tamamilə işğaldan azad edib. Artıq Azərbaycan torpaqlarının heç bir qarışında separatçılar mövcud deyil. Təbii ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı dirçəltməyə davam edir. Müasir beynəlxalq hüququn fəlsəfəsinə görə, dövlət ərazisinin böyüklüyündən, əhalisinin sayından, konstitusiya quruluşundan asılı olmayaraq suverenliyə malikdir. Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir və onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir. Digər bir baxımdan böyük qürur hissi ilə qeyd etməliyik ki, dövlət suverenliyimizin təmin olunması, dövlət müstəqilliyimizin bərpa olunması, ərazi bütövlüyümüzün təmin edilməsi qədər əhəmiyyətlidir. Çünki bu bizim xalqımızın tarixinin ən şanlı, ən şərəfli səhifələrindən biridir. Bu gün Qarabağda yeni bir dövr başlayır. Artıq dağılmış şəhərlərin yerində yeni evlər, məktəblər, yollar tikilir. Həyat yenidən canlanır, məcburi köçkünlər öz ata yurdlarına qayıdırlar. Azərbaycanın bu zəfər yürüşü, öz gücünə, öz haqqına inanan bir xalqın qəhrəmanlığının təntənəsidir.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Bu şüar bu gün bir daha sübuta yetirilən əbədi həqiqətə çevrildi. Bu, sadəcə bərpa işləri deyil, həm də illər boyu davam edən həsrətin sonu, tarixi ədalətin bərpasıdır. Və bu həqiqət gələcək nəsillərə böyük bir miras qoyur: azadlıq uğrunda mübarizə ruhu, vətən sevgisi və sarsılmaz qürur. Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi təkcə Azərbaycan xalqının və Ordusunun tarixi xidmətlərinin etirafı deyil, həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir. Bu əlamətdar tarix həm də xalqımızın uğrunda mübarizə aparmağa və qurban verməyə hazır olduğunu göstərən ən yüksək dəyərdir. Müstəqillik uğrunda qəhrəmanların və qurbanların xatirəsi - Dövlət Suverenliyi Günü doğma torpaqlarının azadlığı uğrunda canlarından keçənlərin xatirəsini yad etmək üçün mühüm məqam olacaq. Bu yaddaş milli kimliyin ayrılmaz hissəsinə çevriləcək, müstəqilliyin təmənnasız gəlmədiyini xatırladacaq. Digəri, milli birlik - 20 sentyabr təkcə qələbələrin qürur günü deyil, həm də Azərbaycan xalqının birlik və əzmkarlığının simvolu olacaq. Azərbaycanın çətin anlarda necə birləşərək öz torpağını, gələcəyini müdafiə etməyə hazır olduğunu sübuta yetirdiyinin bütün dünya şahidi oldu. Əsas məqamlardan biri isə gələcəyə istiqamətləndirmədir – bu gün həm də dövlətçiliyin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, siyasi, iqtisadi və sosial institutların inkişaf etdirilməsi zərurətini xatırladacaq. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Yaşasın müstəqil və suveren Azərbaycan!

Elşən Əzizov,

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri

Seçilən
3
yeniazerbaycan.com

1Mənbələr