ain.az, Azertag saytına istinadən bildirir.
Berlin, 17 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkələrində ilk dəfə sığınacaq üçün müraciət edənlərin sayı iyunda 52 265 nəfər olub. Bu, ötən ilin iyun ayı ilə müqayisədə 27 faiz, bu ilin may ayı ilə müqayisədə isə 5 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin - “Eurostat”ın hesabatında bildirilib.
Bu ilin ikinci rübündə Aİ-də ümumilikdə 194 730 ilkin sığınacaq qərarı qəbul olunub ki, onların 65 735-i müsbət nəticələnib. İyunda ən çox müraciətlər venesuelalılar (7 615), əfqanlar (4 085), banqladeşlilər (2 735) və suriyalılar (2315) tərəfindən edilib. Ən çox müraciət isə İspaniyada (12 645), İtaliyada (9 765), Fransada (9 510) və Almaniyada (6 860) qeydə alınıb. Bu dörd ölkə bütün müraciətlərin təxminən 74 faizini təşkil edib.
İlin ikinci rübündə Aİ ölkələri ilkin mərhələdə 65 735 nəfərə müdafiə statusu verib. Bu, 2024-cü ilin eyni dövrü ilə (100 400) müqayisədə 35 faiz, bu ilin birinci rübü ilə (66 405) müqayisədə isə 1 faiz azdır. Müsbət qərarların 48 faizi qaçqın statusu, 28 faizi humanitar status, 24 faizi isə əlavə müdafiə statusu ilə nəticələnib. Ən çox müsbət qərar İspaniya (16 060), Fransa (14 220) və Almaniya (13 450) tərəfindən verilib. Ən çox müdafiə statusu alanlar isə əfqanlar (13 170), venesuelalılar (12 340) və somalililər (3 215) olub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.