AZ

Hindistanda “beyin yeyən” amöbdən ən azı 19 nəfər ölüb

Hindistanda “beyin yeyən” amöbdən ən azı 19 nəfər ölüb

Hindistanın cənubunda yerləşən Kerala ştatında nadir rast gəlinən amöb məningoensefaliti (PAMƏ) hallarının artımı müşahidə olunub.

Bu xəstəlik "Naegleria fowleri" adlı amöb tərəfindən törədilir və “beyin yeyən” də adlandırılır. Hadisə barədə NDTV kanalı məlumat yayıb.

Ştat hakimiyyətinin məlumatına görə, 2025-ci ildə Keralada "Naegleria fowleri" ilə yoluxma halı təsdiqlənmiş 69 hadisədən 19-u ölümlə nəticələnib. Ölümlərin böyük əksəriyyəti son bir neçə həftədə baş verib. Ştatın səhiyyə naziri Vina Corc bildirib ki, Kerala ciddi ictimai səhiyyə təhlükəsi ilə üzləşib. Yoluxanlar arasında həm körpələr, həm də yaşlı insanlar var. Nazir deyib: “Keçən ildən fərqli olaraq, xəstəlik tək bir su mənbəyi ilə bağlı deyil. Yoluxmalar ayrı-ayrı hallarda baş verib ki, epidemioloji araşdırmalarımızı çətinləşdirir.”

Bütün hallarda yoluxma isti şirin su mənbələrindən baş verir. Ştat Səhiyyə Nazirliyi xəbərdarlıq edib ki, amöb insan bədəninə burun vasitəsilə daxil olur və buradan beyinə yol tapa bilər. Xəstəlik insanlardan insana keçmir və çox sürətlə inkişaf edir. Tipik simptomlar arasında baş ağrısı, hərarət, ürəkbulanma və qusma yer alır. Mərkəzi sinir sisteminin zədələnməsinin əlamətləri, xüsusilə sürətli beyin şişməsi, çox təhlükəlidir.

NDTV xəbər verir ki, Keralada ilk PAMƏ halı 2016-cı ildə qeydə alınıb və 2023-cü ilə qədər yalnız 8 təsdiqlənmiş yoluxma olub. Lakin 2024-2025-ci illərdə bu istiqamətdə kəskin artım müşahidə olunub: 2024-cü ildə 36 yoluxma və 9 ölüm, 2025-ci ildə isə 69 yoluxma və 19 ölüm qeydə alınıb. Yoluxmalar Keralanın müxtəlif bölgələrində baş verir. Yerli əhaliyə təmizlənməmiş və dayaz şirin su mənbələrində çimməmək tövsiyə olunur. Hovuz, göl və bulaqlarda çimərkən burun üçün klipslərdən istifadə etmək məsləhətdir.

Seçilən
4
afn.az

1Mənbələr