AZ

Hacıbaba Bağırov haqda xatirələr...


Fərman Qarabağlı: “...Məni qucaqlayıb, “doğrudan da biz qardaşıq” dedi”

İllər əvvəl uşaqdan böyüyə hamının sevimlisi, mərhum professor Qara Mustafayevlə müsahibədə ondan soruşdum ki, insan öləndən sonra ruhunun yaşadığına inanırsınızmı? Cavab verdi ki, əgər sənin kimi nəvələrim məni unutmayacaqsa, yada salacaqsa, demək mənim ruhum da yaşayacaq, mən də yaşayacağam. Qara müəllim müdrik adam idi, dünyanın hər üzünü görmüşdü. Onun söylədiyi bu hikmətli söz özünü hər zaman doğruldur.

Haqqında danışacağımız sənətkar illərdir cismən həyatda olmasa da, mənən, ruhən həyatdadır, xatirələrdə yaşayır, dostları hər zaman onu xatırlayır, xalqımız onu unutmur. Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti, “Şöhrət” ordeni laureatı, Azərbaycan Dövlət Musiqili Teatrının (indiki adı Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) keçmiş direktoru və bədii rəhbəri, "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri Hacıbaba Bağırovu sevməyən, rollarını bəyənməyən, bəyliyinə, ağayana davranışlarına hörmətlə yanaşmayan yəqin ki, yoxdur.

“Onun hər bir hərəkətində, oturuşunda, duruşunda, danışığında qandan gələn bəylik xüsusiyyətləri vardı, o bir Azərbaycan bəyi idi”

Əslən Füzuli rayonunun Arayatılı kəndindən olan, hazırda Bakıda yaşayan, uzun illər ticarətlə məşğul olan, “Bakı-Xəbər”in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) bu günlərdə bizimlə əlaqə saxlayaraq, uzun illər dostluq etdiyi, qardaş kimi yaxın olduğu Hacıbaba Bağırov haqda xatirələrini bölüşmək istədi.

Fərman Qarabağlı: “Uzun illər dostluq etdiyim, böyük qardaş kimi xətirini istədiyim minbaşılı Cəmil bəyin nəvəsi Hacıbaba Bağırov haqda xatirələrimi oxucularla bölüşmək istəyirəm.

İlk tanışlığımızı, dostluğumuzun təməli qoyulan həmin günü çox yaxşı xatırlayıram. Karamel Fabrikində işləyirdim. Fabrikdən çölə çıxdım, gördüm ki, qapıda bir nəfər durub. Onu televizorda görmüşdüm. Ona yaxınlaşıb “Siz Hacıbaba müəllimsiniz?” deyə soruşdum. “Bəli” dedi. Soruşdum ki, xeyir ola, burda durmusunuz? “Şokolad lazımdır, bütün mağazaları axtarmışam, amma tapa bilmirəm” dedi. Ondan hansı şokoladı axtardığını soruşduqda “ Əyripəncə ayı” şokoladını axtardığını söylədi. O dövrdə ən bahalı şokolad idi, kiloqramı 6 rubl 50 qəpik idi və hər vaxt da tapılmırdı. Yay ayları idi, dedi ki, burda kimdən soruşdum, sexin təmirə dayandığını dedi. Ona dedim ki, Hacıbaba müəllim, heç yerə getməyin, məni gözləyin bir azdan gələcəyəm. “Sklad”dan soruşdum, dedilər ki, həmin şokoladdan 20 kiloqram var. Ordan 3 kiloqram şokolad götürdüm və gətirib ona verdim. Pulunun nə qədər etdiyini soruşdu, “pul lazım deyil, sizə paydır” dedim. Beləliklə, yaxından tanış olduq. Günlərin birində fabrikdə dedilər ki, səni bir nəfər axtarır. Tanış olduq, dedi ki, adım Faiqdir, məni sizin yanınıza Hacıbaba müəllim göndərib, yeni tamaşamız var, sizə iki bilet gətirmişəm. Onda ailəli deyildim. Çox yaxın göyçaylı dostum, ərzaq mağazasının müdiri Rövşən Əhmədovla birlikdə tamaşağa getdik, bir dəstə güllə Hacıbabanı təbrik etdim. Sonra çox yaxından tanış olduq, tanışlığımız dostluğa çevrildi. Dedi ki, anam qarabağlıdır, Cəbrayılın Minbaşılı kəndindən Cəmil bəyin qızıdır. Atam maştağalıdır, “Passaj” bazarının (ona “Şüşəli bazar” da deyirlər-F.Q) müdiri olub.

Bir dəfə televiziyada H.Bağırova həsr olunan verlişdə danışırdılar ki, guya Hacıbaba əsgərliyə getmək istəmədiyi üçün həbs olunub. Xeyr, əsla belə olmayıb. Hacıbabanın ilk həyat yoldaşından bir oğlu olub, Rusiyada yaşayır, sonralar onu görmüşdüm, düz Hacıbabanın özü idi.

Dənizkənarı Bulvarda o vaxtlar qüllə vardı, üstündə indi saat quraşdırılıb, həmin “vışkadan” insanlar paraşütlə tullanırdılar, musiqi çalınardı, rəqs edərdilər. Hacıbaba gəlib görür ki, həyat yoldaşı orda bir nəfərlə rəqs edir, cibindən bıçağı çıxarıb hər ikisini vurur və dərhal da Rusiya şəhərlərindən birinə gedir, o şəhərin adını mənə demişdi, təəssüf ki, unutmuşam. Orda klubların birinin özfəaliyyət dərnəyində iştirak edir. Özü də orda deyib ki, adım Qurgendir. Beş-altı aydan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu tutub Bakıya gətiriblər. Mənə danışırdı ki, türməyə getməmişdən əvvəl qollarıma “nakolka” vurdurdum, mən qeyrət üstə adam bıçaqlamışdım.

Məqsədim onun böyük sənətindən, uca şəxsiyyətindən danışmaq, onun necə böyük sənətkar və şəxsiyyət olduğunu bir daha xatırlatmaqdır. Onun hər bir hərəkətində, oturuşunda, duruşunda, danışığında qandan gələn bəylik xüsusiyyətləri vardı, o bir Azərbaycan bəyi idi. Gözü, könlü tox adam idi”.

F.Qarabağlının sözlərinə görə, bir dəfə televiziyada sənət yoldaşı Novruz Qartal da bu barədə danışmışdı. “Bir gün iki aktyorun adını çəkib hansının böyük gülüş ustası olduğunu ondan soruşdum. Deyim ki, o sənətkarlardan biri Bəşir Səfəroğlu idi, amma o birinin adını çəkmək istəmirəm. O cavab verdi ki, Bəşir Səfəroğlu ondan güclü sənətkardır. Hacıbaba Türkiyənin tanınmış aktyoru Kamal Sunala böyük qiymət verirdi. Halbuki, onun özü heç də Kamal Sunaldan kiçik sənətkar deyildi. O həmişə böyük sənəti olanları dəyərləndirirdi.

Deyirdi ki, səhnədə sənətkar bədən əzalarını şişirtməklə, ağız-burnunu əyməklə tamaçaçını güldürməz. Bu yaxınlarda əməkdar artist Çingiz Əhmədov danışırdı ki, bir dəfə Hacıbaba Bağırovu verilişinə dəvət etmək istəyib, Hacıbaba da deyib ki, “Muzkomediya”ya qayıt verilişinə gəlim. Guya Hacıbabanın rollarını bu oynayacaqmış. Çingiz Əhmədov televizorda danışır, amma o, Hacıbaba ilə elə də yaxın olmayıb.

Hacıbaba teatrının bütün işçiləri ilə dost idi. Onun yaxın dostları isə Fuad, Nəcibə Behbudova, Novruz Qartal, Atabala Səfərov və Kübra Əliyeva, “Azdramanın” inzibatçısı Nadir idi. Hayıf ki, Kübra xanıma xalq artisti fəxri adı hələ verilməyib. O vaxtlar Kübra xanımın “06 Jiqulu”si vardı. Bir dəfə üçümüz Sumqayıt şəhərinə getmişdik. Hacıbaba çox zövqlə geyinirdi. Bunu görmək üçün “Şirbalanın məhəbbəti” teletamaşasına baxa bilərlər. Hansı rəng kostyumla hansı köynək, hansı ayaqqabı geyinmək, hansı qalstukla hansı kəmər taxmaq onun bəylik qanından gəlirdi. Onun vasitəsilə bütün aktyorlarla tanış idim. Bir çoxları səhnədən kənarda, çay içəndə, yemək yeyəndə də gülməli hərəkət edərdilər. Amma Hacıbaba o qədər ciddi adam idi ki, tanımayan onun gülüş ustası olduğunu bilməzdi. Bəziləri rayonlara gedəndə idarə müdirlərinin yanına gedərdilər. Bu faktdır. Amma o heç vaxt heç bir idarə müdirinin qapısına getməyib. Rayonlara onu katiblər dəvət edərdi, gedib konsertini verərdi, qonaq evində qalardı. Katib özü istəsəydi ona hörmət edərdi. “Azdrama”da onun çəkilişi vardı, kiçik qızım Firəngizlə (Firiş deyirik) biz də getdik. Böyük gül dəstəsi bağlatmışdım, o gül dəstəsi qızımdan böyük idi. Bunu tamaşaçılar deyirdilər. Oğlum Vüqar 14 yaşında ikən ürək döyüntüləri vardı, narahat olduq, çox uşaq həkimlərinə aparırdıq ki, baxsınlar, müalicənin xeyri olmurdu. Bir gün qərara gəldim ki, oğlumu Moskvaya aparım. Fikrimi Hacıbabaya dedim. O mənə “qədeş, (o mənə qədeş, mən ona qağa deyərdim) Moskva burdadır, Qarayev uşaq xəstəxanasında akademik Adilə Namazova var”. Ailəvi dostumuz, Tibb Universitetində kafedra müdiri Şəmistan müəllim vardı. “Sabah Adilə Namazovanın yanına apararıq” dedi. Adilə Namazova hər ikisini də çox böyük hörmətlə qarşıladı. Vüqarı müayinə etdi və bildirdi ki, oğlan uşaqlarında 14 yaşında belə hallar olur. Gülərək dedi ki, yerli (əvvəlcədən tanış olmuşduq, mənim Füzulidən olduğumu bilirdi, o da ağdamlı idi), oğlun kişiləşir.

Hayıf ki, Hacıbaba müəllimin həyat yoldaşı Almaz xanımdan övladları olmadı. Almaz xanıma Allah rəhmət eləsin. Həkim-alim idi. Qanköçürmə İnstitutunda işləyirdi, ailəvi yaxın idik. Hacıbaba Almaz xanımla xaricə getmişdi və ordan mənə bir təsbeh gətirmişdi. Sonra mən 1985-ci ildə Bolqarıstana, “Qızıl qum”a istirahətə getmişdim, qayıdanda ordan ona qol saatı gətirdim. Puşkin küçəsində yaşayırdılar, evlərinə getdim. Almaz xanım qapını açıb kədərli səslə “qardaş, biz ayrılmışıq” dedi. Onu da deyim ki, Hacıbaba gedəndə evdən paltarından başqa heç nə götürməmişdi. Almaz xanım boşanma ərizəsinə qol çəkmək istəmirdi. Hacıbaba mənə dedi ki, qədeş, sən onunla danış, ərizəyə tez qol çəksin. Mənə qədər çoxları ona bu barədə demişdi, amma o, bundan imtina etmişdi. Almaz xanımın iş yerinə getdim, xeyli söhbət etdik. Mən ona dedim ki, qol çəksən də çəkməsən də bu boşanma 6 aydan sonra baş tutacaq. Amma Hacıbabaya lazım idi ki, o, bir ayın içində boşanma ərizəsinə qol çəksin. Almaz xanım dedi ki, bir şərtim var, sən onunla danışmayacaqsan. Dedim Almaz xanım, mən sənin qaynınam, səndən Hacıbabanın qardaşı kimi xahiş edirəm. Almaz xanım ayağa durub kədərlə “yaxşı” dedi. “Muzkomediya”ya getdim, Hacıbaba məni gözləyirdi. Mən ona Almaz xanımın şərtini dedim. O da “bəs sən nə cavab verdin” deyə soruşdu. Mən də Almaz xanıma verdiyim cavabı ona da bildirdim. Hacıbaba məni qucaqlayıb “doğrudan da biz qardaşıq” dedi.

Hacıbaba hayıf ki, həyatdan tez köçdü, II Fəxri Xiyabanda uyuyur, məzarının üstündə dizdən yuxarısını əks etdirən büstü qoyulub. Ziyarətinə gedirəm. Allah hər ikisinə rəhmət eləsin.

Mən bütün dostlarımla şəkil çəkdirmişəm. Amma çox hayıf ki, nə atamla, nə də dostlarım Hacıbaba Bağırovla, nə də Oqtay Məmmədovla şəklimiz yoxdur. Buna çox təəssüflənirəm.

Hacıbaba Füzulidə öz dəstəsi ilə qastolda olanda mənə dedi ki, babamın kəndinə gedəcəyəm. “Hökmən, get” dedim. Bunu Novruz Qartal da televiziyada danışıb, yəni faktdır. Füzulidən Cəbrayılın Minbaşılı kəndinə gedirlər. Cəmil bəyin nəvəsini kənd camaatı böyük sevgi və hörmətlə qarşılayır, ayağının altında neçə qurban kəsirlər. Minbaşı camaatı Cəmil bəyin nəvəsi Hacıbaba Bağırovun ayağının altında qurban kəsməklə ona öz böyük hörmətlərini bildirib. Babasının kəndinə getdiyi üçün çox sevinirdi”-deyə F.Qarabağlı bildirdi.

İradə SARIYEVA

Seçilən
1
baki-xeber.com

1Mənbələr