ABŞ ilə Türkiyə münasibətlərində ziddiyyətlər qalmaqda davam edir...
Poliqon xəbər verir ki, sentyabrın 15-də ABŞ prezidenti Donald Tramp Ağ Evdə Konstantinopol pravoslav kilsəsinin Patriarxı Varfolomeylə görüş keçirib. Patriarx oteldə jurnalistlərlə söhbətində bildirib ki, müzakirələrdə Türkiyədəki xristian azlığın vəziyyəti, eləcə də regional məsələlər – xüsusən Ukraynadakı durum diqqət mərkəzində olub.
Haqqin.az portalının Ankaradakı müxbirinin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 21-dən 24-dək Nyu-Yorkda BMT Baş Assambleyasının sammitində iştirak edəcək. Ərdoğanın səfərini 24-də yekunlaşdıracağı gözlənildiyindən, Tramp-Ərdoğan görüşünün baş tutma ehtimalı olduqca az qiymətləndirilir.
Analitiklərin fikrincə, Tramp və Ərdoğan daim qarşılıqlı hörmətə istinad etsələr də, iki ölkə arasındakı münasibətlər hələ də ziddiyyətli olaraq qalır. ABŞ-Türkiyə gündəliyindəki əsas məsələlər arasında Qəzzada vəziyyət və İsrailin addımları, Suriyadakı böhran, PKK/YPG qüvvələrinin rolu, həmçinin Türkiyəyə silah tədarükü məsələsi ön sıralarda dayanır.
Ekspertlər hesab edirlər ki, bu mövzular Vaşinqton və Ankaranın münasibətlərində strateji əməkdaşlıqla yanaşı, ciddi fikir ayrılıqlarının da mövcud olduğunu göstərir.
Poliqon.info