Qərb niyə Çini və Rusiyanı sanksiyalar və hərbi güclə saxlamaqda çətinlik çəkir...
The Economist yazır ki, Qərbin əsas strateji silahı olan “səbrli və ardıcıl sanksiyalarla və hərbi balansla rəqibi çəkindirmə” konsepsiyası artıq əvvəlki kimi işləmir.
Sentyabrın 9-dan 10-na keçən gecə Rusiya NATO üzvü olan Polşanın hava məkanına təxminən 20 pilotsuz uçuş aparatı göndərdi. Alyans dərhal reaksiya verərək yüksək hazırlığını nümayiş etdirdi: Almaniya, İtaliya, Niderland və Polşanın hərbi qüvvələri birgə olaraq qırıcı təyyarələr, helikopterlər, raket batareyaları və müasir kəşfiyyat təyyarəsi cəlb etdilər. Nəticədə bir neçə ağır dron məhv edildi və yerə heç bir zərər dəymədi.
Bu, NATO tarixində ən böyük hava məkanına müdaxilələrdən biri sayılır. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, Avropalılar dronların məhv edilməsinə deyil, Rusiyanın bu cür riskli addımı ümumiyyətlə atmasına narahat olmalıdır.
Bir neçə gün sonra isə oxşar insident Rumıniyada baş verdi: rus pilotsuz aparatı ölkənin hava məkanına daxil oldu, rumın qırıcıları onu müşayiət etdi və yalnız Ukrayna sərhədini keçəndən sonra geri çəkildi.
Çin də meydan oxuyur
Uzaq Şərqdə isə Çin son həftələrdə Cənubi Çin dənizində iddialarını gücləndirib. Pekin rəsmiləri Sqarboro rifində — strateji baxımdan mühüm kiçik adada milli dəniz qoruğu yaratdıqlarını elan etdilər. Halbuki hələ 2016-cı ildə ABŞ-ın o vaxtkı prezidenti Barak Obama bu ərazinin Çinin nəzarətinə keçməsinin Vaşinqtondan sərt hərbi reaksiya doğura biləcəyini bildirmişdi.
Sentyabrın 16-da Çin sahil mühafizə gəmiləri rifi mühasirəyə aldı, su şırnaqları ilə atəş açaraq Filippin sahil mühafizəsinin bir dənizçisini yaraladı. Filippin ABŞ-ın rəsmi müttəfiqidir və bu hadisə Vaşinqtonla Pekin arasında gərginliyi daha da artırdı.
Kəskin qılınc, amma titrək əl
European Policy Centre analitiki, keçmiş ABŞ hərbçisi Kris Kremidas-Kortniyə görə, bu hadisələr Qərbin zəif tərəfini açıq göstərir. O qeyd edir ki, Soyuq müharibə dövründə NATO ərazisinə 19 sovet təyyarəsi daxil olsaydı, dərhal kəskin cavab verilərdi. İndi isə Moskva hesab edir ki, Qərbin əlində “kəskin qılınc var, amma onu işlətməyə cəsarəti yoxdur”.
Polşanın müdafiəsi uğurlu alındı, amma bahalı başa gəldi: dəyəri 20 min dollar olan pilotsuz aparatlar milyonlarla dollarlıq raketlərlə vuruldu. Bu, Qərbin uzunmüddətli müdafiə imkanlarını sual altına qoyur.
Ekspertlər hesab edir ki, Vladimir Putini çəkindirmək üçün Avropa daha riskli addımlar ata bilər. Məsələn:
Rusiyanın neft qaçaqmalçılığı ilə məşğul olan gəmilərini ələ keçirmək, və ya Ukraynaya daha iradəli dəstək öhdəliyi götürmək. Başqa sözlə, yalnız bahalı raketlər deyil, həm də siyasi iradə vacibdir. Daha ucuz dron əleyhinə silahlar da vəziyyəti yüngülləşdirə bilərdi.
ABŞ ilə münasibətlərdə çatlar
NATO daxilində siyasi birlik də zəifləyib. Bunun əsas səbəblərindən biri Donald Trampın müttəfiqlərə təzyiqləri və ABŞ-ın kollektiv müdafiəyə sadiqliyini açıq şəkildə şübhə altına almasıdır.
Kremidas-Kortni bunu belə izah edir: “Soyuq müharibə zamanı bizim şahmat taxtamız vardı və bütün fiqurların yerini bilirdik. İndi isə nə taxta, nə də qaydalar qalıb”.
Amerika və onun müttəfiqləri onilliklər boyu SSRİ-ni çəkindirmək strategiyasını mükəmməlləşdirmişdi. “Genişləndirilmiş çəkindirmə” adlanan bu siyasət bəzən Avropada ABŞ-ın nüvə silahı yerləşdirməsi, bəzən isə sadəcə “Amerikanın nüvə çətiri”nin təminatı ilə müşayiət olunurdu.
Bununla belə, Fransa prezidenti Şarl de Qoll bir vaxtlar sual etmişdi: “Amerika Nyu-Yorku Parisə qurban verəcəkmi?” – yəni Vaşinqton Fransa uğrunda nüvə müharibəsinə gedəcəkdimi?
Qlobal balansın dəyişməsi
Stanford Universitetindən Oriana Skaylar Mastro isə qeyd edir ki, Soyuq müharibə illərində ABŞ və SSRİ riskləri idarə etmək üçün gizli kanallar qurmuşdu. Hətta Vyetnam müharibəsində belə amerikalılar sovet məsləhətçilərinin təsadüfən vurulmaması üçün Moskva ilə gizli koordinasiya aparırdılar.
Bu gün isə ikiqütblü dünya daha mürəkkəb bir sistemlə əvəzlənib. Çin kosmosda, kiberhücumlarda və digər sahələrdə ABŞ-ın milli təhlükəsizliyini zəiflətməyə çalışır. Lakin belə təhdidlər çox vaxt “inkar edilə bilən” və “geri qaytarıla bilən” olur, buna görə də onları çəkindirmək çətindir.
Müttəfiqlərin də Vaşinqtona inamı zəifləyib. Bu, təkcə Tramp dövründə başlamayıb. Barak Obama da qlobal öhdəliklərə skeptik yanaşır, 2014-cü ildə Krımın ilhaqına ciddi reaksiya verməmişdi. Nəticədə Polşa, Körfəz ölkələri və Yaponiya kimi tərəfdaşlar özlərini daha çox silahlandırmağa başlamışdılar.
Obama üçün ittifaqlar hələ də ABŞ-ın güc mənbəyi idi. Amma Trampın “Amerika hər şeydən əvvəl” fəlsəfəsi daha nihilist görünür. ABŞ hələ də güclü supergüc olaraq qalır. Lakin Rusiya və Çin bu zəiflikləri görərək Qərbi parçalamağa çalışır.
Onları əvvəlki kimi çəkindirmək artıq mümkün deyil.
Tərcümə Poliqon-a aiddir.
Poliqon.info