“Sumqayıt”la oyun “İmişli”nin futbolçularının yaddaşında ömürlük iz buraxacaq.
Qələbə qazandıqları matçın sonunda (1:0) protokol qaydasının pozulmasına görə texniki məğlubiyyət alacaqları ilə bağlı xəbər düşərgədə matəm ab-havası yaratmışdı.
Rafael Vieqas isə ikiqat üzgün idi. Qırmızı vərəqə alaraq meydada qovulduğu və növbəti matçda iştirak edə bilməyəcəyi üçün.
Buna baxmayaraq, portəgiz müdafiəçi Sportinfo.az-ın suallarını cavablandırdı.
- Oyun və nəticə ilə bağlı fikirlərini eşitmək maraqlıdır.
- Çətin şərtlər altında güclü rəqibə qarşı oynayırdıq. “Sumqayıt” bu günə qədər 3 oyunun heç birini uduzmamışdı. Rəqibi təhlil edərək oyunumuzu buna uyğun qurmuşduq. Gərgin məşqlərdə etdiklərimiz yekun nəticədə özünü göstərdi. Qalib gəldiyimizə görə şadam.
- Bu vəziyyətdə təbii meydanda oynamaq yaxşıdır, yoxsa süni örtükdə?
- Bu barədə heç nə demək istəmirəm.
- Aldığın qırmızı vərəqə barədə nə deyə bilərsən?
- Toxunuş bilərəkdən olmadığı üçün, fikrimcə, orada qırmızı vərəqə yox idi. Lakin hakimin qərarı fərqli oldu. Qırmızı vərəqədən daha vacib olan komandamızın bu matçı qalib başa vurmasıdır.
- Növbəti həftənin əvvəlində turnir cədvəlindəki xal bölməsində “İmişli”nin aktivində 7 yox, 4 xalın yazıldığını görəndə hansı hisləri keçirəcəksən?
- Dediyim kimi, qələbə qazanmışıq və bunun həzzini çıxarmaq istəyirik. Ən vacibi odur ki, debütant olmağımıza baxmayaraq, 4 oyunun 2-də qələbə qazanıb, 1-də heç-heçə oynamışıq. Yalnız ilk görüşdə son saniyə qolu ilə məğlub olmuşuq. Yaxşı işlər görməyə çalışırıq. Dediyiniz məsələ səlahiyyətimdə deyil. Ona görə də cavab vermək istəmirəm.
- Bu gecə rahat yatacaqsan?
- (gülür) Əlbəttə. Niyə narahat olum ki? Biz “Sumqayıt”ı udmuşuq.
HƏBİB