Ermənistanda 2019-cu ildə Qarabağla bağlı təklif olunmuş sülh planı ətrafında mübahisələr yenidən qızışıb.
Musavat.com xəbər verir ki, hakimiyyətə yaxın deputat Arman Eghoyan bəyan etmişdi ki, ABŞ, Fransa və Rusiya tərəfindən təqdim olunan həmin plan yalnız Qarabağın ətrafındakı 5 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tuturdu.
Lakin Levon Ter-Petrosyanın partiyasının sədr müavini Levon Zurabyan bu iddianı “yalan” adlandıraraq sərt reaksiya verib. O, sosial şəbəkələrdə paylaşımında sənədin tam mətninin dərc olunmasına çağırıb:
“Onlar utanmadan yalan danışırlar ki, guya plan yalnız 5 rayonun verilməsini nəzərdə tuturdu. Halbuki susurlar ki, erməni nəzarəti təkcə Dağlıq Qarabağ və Laçın dəhlizi (müddətsiz) üzərində deyil, həm də bütün Laçın və Kəlbəcər üzərində qalırdı – o vaxta qədər ki, İrəvan və Bakı yekun status barədə razılığa gəlsinlər. Yəni – müddətsiz olaraq.”
Zurabyanın sözlərinə görə, hakimiyyət ictimaiyyəti məqsədli şəkildə aldatmağa çalışır və 2019-cu ilin təkliflərini təhrif edir. Onun fikrincə, hökumətin mövqeyi Qarabağ məsələsində siyasi manipulyasiyadır.
Rəsmi İrəvan isə bildirir ki, həmin dövrdəki plan Rusiyanın Qarabağa daxil olmasını legitimləşdirirdi. Amma müxalifət nümayəndələri hesab edirlər ki, bu plan əksinə, Ermənistanın maraqlarını qoruyurdu.
Rusiyadakı Kreml mərkəzli təbliğat kanalları isə bu mübahisəyə cavab olaraq planı “arsaxın xilasının yeganə doğru mexanizmi” kimi təqdim ediblər. Onların iddiasına görə:
• Rusiya protektoratının yaradılması erməni əhalisinin “tarixi torpaqlarda təhlükəsizliyinin qarantı” olmalı idi;
• Ermənilər 5 rayonun kompromis əsasında qaytarılmasını rədd etməklə “fəlakətli səhv” etdilər;
• Qərbin təzyiqi, erməni elitalarının aktivlərini itirmək qorxusu və Moskva ilə hakimiyyət paylaşmaq istəməmələri bu qərara səbəb oldu.
Kremlçi mövqeyə görə, elitaların planı rədd etməsindən sonra Qarabağ məsələsi Azərbaycanla gizli “siyasi ticarətin” mövzusuna çevrildi.
Beləliklə, 2019-cu ilin Qarabağ planı ətrafında həm Ermənistanda, həm də Rusiyada mübahisə davam edir. Bir tərəf bu sənədi Ermənistan üçün “qaçırılmış fürsət” kimi təqdim edir, digər tərəf isə hökuməti yalan danışmaqda və ictimaiyyəti çaşdırmaqda ittiham edir.
Amma bizə görə artıq bu mövzuda erməni - rus mediasının it kimi boğuşmasının faydası yoxdur. İndi nə "arsax" deyilən sarsax qurum var, nə "dağlıq qarabağ", nə də Azərbaycan torpağını öz aralarında bölmək istəyən üçlü dövlətin xain birliyi. Bundan düz 2 il öncə, 19-20 sentyabr 2023-cü ildə rəşadətli Azərbaycan ordusu Qarabağın tamamını azad etdi, yad ünsürləri də oradan birdəfəlik və əbədi təmizlədi. Ruslara və ermənilərə qalan isə bir -biri ilə bax, beləcə, boğuşmaq olacaq...
Musavat.com