Naqif Həmzəyev də son günlər müzakirəyə çevrilən bu məsələyə münasibət bildirib
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında köçkünlərin qayıdışı sahəsindəki məsələlər qaldırılıb. Komitə sədri Zahid Oruc deyib ki, onillər ərzində yerli insanlarımız ilə hər şeylərini itirmiş məcburi köçkünlər ətlə-dırnaq kimi bir-birinə bağlı yaşayıblar.
Zahid Oruc bildirib ki, onillər ərzində bu dövlət "torpaqları azad etməyəcək" deyənlər, indi də "o torpağı köçkünlərə verməyəcək" sözü ilə son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər: “Dövlətimizin məcburi köçkünlərə, qaçqınlara münasibətini əsas götürməli, ictimaiyyət bu yöndə məlumatlandırılmalı, təşviqat aparılmalıdır. Prezidentin çox az hallarda ekranda kövrək halı görsənibsə, bu da məcburi köçkünlərlə əlaqədardır. Deyib ki, onlar çox ağır və məhrumiyyətli şəraitləri yaşayıblar. Qayıdışla bağlı qanunvericilik sistemimiz formalaşmalıdır”.
Deputat Naqif Həmzəyev də son günlər müzakirəyə çevrilən bu məsələyə münasibət bildirib: “Bu gün biz çox əziyyət çəkirik. Keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdır, dövlət də nə mümkündürsə, edir. Amma gəlin açıq danışaq, 20-30 il bundan qabaqkı məcburi köçkünün yaşadığı həyat tərzi və sonrakı dövrdə yaşadığı həyat tərzi üst-üstə düşürmü? Yəni şəhərdə yaşayıb, böyüyüb və indi müasir dövrün tələblərinə cavab verən yerlərə qayıdır. Amma kənd həyatı onu qane etmir. Ona görə bu problemi də həll etməliyik. Biz məcburi köçkünü məcbur etməməliyik ki, get, orada yaşa. Əgər yaşayırsa, onu o həyat tərzinə alışdırmalıyıq”.
Deputat Razi Nurullayev deyib ki, son zamanlar cəmiyyətimizdə keçmiş qaçqın və məcburi köçkünlərlə bağlı aparılan kampaniyalar ayrıseçkiliyə xidmət edir. O qeyd edib ki, bir-iki nəfərin səsinin yayılmasına görə bir milyona yaxın soydaşımıza qarşı bu cür yanaşma qəbuledilməzdir: “Bu gün Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq-abadlıq işləri icra edilir. Ölkə başçısının bu bölgəyə səfərləri orada görülən işlərin mahiyyətini göstərir. Bütün bunlar həmin ərazilərin qısa zamanda bərpasına əminlik yaradır”.