AzVision.az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasınln üzvüAraz Nurməmmədovsəsləndirib.Son dövrdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna təklif olunan dəyişikliklər bu institutun daha da güclənməsinə, onun müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. Hesab edirəm ki, bu dəyişikliklərin hər biri həm vəkillik peşəsinə, həm də bütövlükdə cəmiyyətimizə mühüm töhfə verəcəkdir.
İlk növbədə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin seçilməsində məhdudiyyətin ləğvinə diqqət edək. Vəkillər Kollegiyasının rəhbər orqanlarında demokratik seçki prinsipləri əsasında istənilən vəkilin iradəsi azad şəkildə ifadə olunmalıdır. Sədrin seçilməsində süni məhdudiyyətlərin aradan qaldırılması həm vəkillərin səsvermə hüququnun, həm də özünüidarəetmə prinsipinin möhkəmlənməsi deməkdir.
Uğurlu idarəçilik təcrübəsi olan şəxslərin fəaliyyətini davam etdirməsi həm dayanıqlıq, həm də davamlı inkişaf üçün böyük imkanlar yaradır. Hazırki tarixədək Kollegiya sədrinin uğurlu fəaliyyəti hər bir vəkilin yanında olması, daima vəkil korpusunun güclənməsinə xidmət etməsi vəkillərin də öz fəaliyyətində özünü biruzə verməkdədir. Vəkilliyə qəbul üçün staj tələbinin 3 ildən 1 ilə endirilməsi gənc hüquqşünasların potensialından daha tez istifadə olunmasına imkan verir. Gənclərimiz hüquq fakültələrini bitirdikdən sonra illərlə gözləmədən, biliklərini və enerjilərini birbaşa vətəndaşların hüquqlarının qorunmasına yönəldə biləcəklər. Bu, həm də regionlarda vəkillərin çatışmazlığının aradan qaldırılmasına, həmçinin ədalət mühakiməsinə çıxış imkanlarının artırılmasına xidmət edir. Gənc hüquqşünasların peşəyə cəlbi vəkillik institutuna dinamizm, yenilikçi düşüncə və müasir baxışlar gətirəcəkdir.
İntizam tədbirlərinin tətbiqi qaydalarına dəyişiklik vəkillik fəaliyyətində intizam məsələlərinin obyektiv və şəffaf şəkildə tənzimlənməsi vacibdir. Təklif olunan dəyişikliklər vəkilin peşəkar fəaliyyətində ədalət prinsiplərinin qorunmasını, həmçinin Kollegiya ilə üzvləri arasında etimad mühitinin güclənməsini təmin edəcəkdir. Bu, həm də vəkillərin öz peşəsinə daha böyük məsuliyyət və inamla yanaşmasına şərait yaradacaqdır.
Vəkillər Kollegiyası hüquq cəmiyyətinin əsas dayaqlarından biridir. Onun orqan və qurumlarının sayının artırılması Kollegiyanın daha çevik, daha demokratik və daha genişmiqyaslı fəaliyyətinə imkan verəcəkdir. Bu dəyişiklik bölgələrdə vəkillərin fəaliyyətini stimullaşdıracaq, hər bir vəkilin maraqlarının qorunmasına və problemlərinin operativ həllinə zəmin yaradacaqdır.
Xidməti vəsiqə vəkilin peşəsini icra edərkən onun hüquqi statusunu və nüfuzunu rəsmiləşdirir. Vəkil, cəmiyyətin gözündə hüququn təmsilçisi, dövlət orqanları qarşısında isə qanunun səlahiyyətli müdafiəçisi kimi tanınmalıdır. Bu sənəd vəkillərin dövlət qurumları ilə ünsiyyətində etimad və hörmət mühitini gücləndirəcək, onların səlahiyyətlərinin həyata keçirilməsini asanlaşdıracaqdır.
Vəkillik peşəsi yalnız hüquqi yardım göstərməklə məhdudlaşmır. Bu peşə həm də cəmiyyətin hüquqi şüurunu formalaşdıran, ədalətə inamı möhkəmləndirən bir missiyanı daşıyır. Vəzifələrin artırılması ilə vəkillər hüquqi maarifləndirmə işində, insan hüquqlarının təşviqində və hüquq mədəniyyətinin inkişafında daha fəal rol oynayacaqlar. Bu, vəkillərin nüfuzunu artıracaq, onların dövlət və cəmiyyət qarşısında məsuliyyətini daha da gücləndirəcəkdir.
Hər bir vəkilin sorğusuna vaxtında cavab verilməsi hüquqi yardımın keyfiyyətinə birbaşa təsir edir. Bu dəyişiklik dövlət qurumlarının fəaliyyətində operativlik və şəffaflıq təmin edəcək, vəkilin işi üçün lazım olan məlumatların daha tez əldə olunmasına imkan verəcəkdir. Ən əsası isə vətəndaşların məhkəmə müdafiəsinə çıxışı sürətlənəcək, onların hüquqlarının bərpası daha tez reallaşacaqdır.
Order vəkilin səlahiyyətlərinin əsas sənədidir. Ona hüquqi anlayış verilməsi həm məhkəmələr, həm də digər dövlət qurumları üçün aydınlıq və vahid yanaşma təmin edir. Bu dəyişiklik vəkilin fəaliyyətində qanuni güvəncələri artıracaq, onun müdafiəçi rolunu daha da möhkəmləndirəcəkdir.
Yuxarıda qeyd olunan dəyişikliklərin hər biri vəkillik institutunun möhkəmlənməsinə, vəkillərin peşəkar fəaliyyətinin daha səmərəli və nüfuzlu olmasına xidmət edir. Bu dəyişikliklər:
•vəkillərin müstəqilliyini,
•vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarını,
•hüquqi dövlətin dayanıqlılığını möhkəmləndirəcəkdir.
Vəkillik – sadəcə peşə deyil, ədalətin müdafiəçisi olmaq şərəfidir. Təklif olunan dəyişikliklər bu şərəfli missiyanın daha yüksək səviyyədə icrasına imkan verəcəkdir.
Bu səbəbdən qeyd edilən dəyişikliklərin qəbulunu tamamilə müsbət qiymətləndirir, vəkillik institutunun inkişafı və cəmiyyətimizin hüquqi təminatlarının möhkəmlənməsi üçün faydalı hesab edirəm.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta