AZ

Şəhərdə sürətli alternativ: elektrikli skuter və velosipedlərin artan təhlükəsi

Son illərdə şəhər həyatında elektrikli skuter və velosipedlərə maraq əhəmiyyətli dərəcədə artıb. Tıxac probleminin gündəlik reallığa çevrildiyi şəhərlərdə bu iki təkərli nəqliyyat vasitələri həm sürət, həm də manevr imkanları ilə ən əlverişli alternativlərdən biri sayılır. Xüsusilə gənclər və işə-gedişdə vaxt itirmək istəməyən insanlar üçün skuter və velosipedlər rahatlıq təmin edir.

Lakin, bu yeni nəqliyyat formalarının yayılması ilə bərabər, təhlükəsizlik qaydalarına əməl olunması məsələsi də gündəmə gəlir. Elektrikli skuter və velosiped sürücüləri yol qaydalarına riayət etmədikdə həm özləri, həm də digər yol istifadəçiləri üçün təhlükə yarada bilərlər.

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Ölkə.az-a açıqlamasında bildirib ki, son illər şəhərdə elektrikli skuter və velosipedlərdən istifadə sürətlə artır.

Onun sözlərinə görə, bu, həm tıxacdan yayınmaq, həm də ekologiya baxımından müsbət tendensiyadır:

"Amma təəssüf ki, istifadəçilərin bir hissəsi təhlükəsizlik qaydalarına əməl etmir. Bu da həm onların, həm də digər yol hərəkəti iştirakçılarının həyatını riskə atır. Ən çox pozulan qaydalar qoruyucu vasitələrdən, xüsusilə dəbilqədən istifadə etməməkdir. Piyadaların sıx olduğu yerlərdə yüksək sürətlə hərəkət etmək, yol nişanları və işıqfora məhəl qoymamaq, eyni skuterə bir neçə nəfərin minməsi, eləcə də telefonla danışmaq və ya musiqiyə qulaq asaraq diqqəti yayındırmaq, daha çox rast gəlinən pozuntulardan hesab olunur.

Təhlükəsizliyi artırmaq məqsədilə bir sıra tədbirlərin görülməsi zəruridir. İlk növbədə qoruyucu dəbilqənin istifadəsi məcburi qayda kimi tətbiq olunmalıdır. Bundan başqa sürət həddinə nəzarət gücləndirilməli, piyadaların sıx olduğu zonalarda xüsusilə məhdudiyyətlər qoyulmalıdır. İctimai maarifləndirmə kampaniyaları da keçirilməlidir. Əlavə olaraq skuterlər və velosipedlər üçün ayrıca zolaqların yaradılması da həm istifadəçilər, həm də sürücülər üçün təhlükəsizliyi artıran amil hesab olunur. Nəticə olaraq alternativ nəqliyyat vasitələrinin istifadəsinin inkişafı müsbət haldır.

530529

Amma bunun təhlükəsizliyi təmin olunmadan davam etməsi mümkün deyil. Həm dövlət qurumları, həm də bu vasitələrdən istifadə edənlər məsuliyyətli davranmalı və qaydaların tələblərinə əməl etməlidirlər ki, hər hansısa bir bədbəxt hadisələr baş verməsin. Çünki bədbəxt hadisələrin baş verməsi həm istifadəçilərin özünə, həm də ətrafdakı olan insanların həyatı üçün təhlükədir".

Həmidə İbrahimova

Seçilən
28
1
olke.az

2Mənbələr