AZ

Donald Tramp və Kral Çarlz Vindzor qəsrində nahar ediblər

London, 17 sentyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Böyük Britaniyaya rəsmi dövlət səfəri çərçivəsində bu ölkənin Kralı Çarlz ilə Vindzor qəsrində nahar süfrəsi arxasında görüşüblər.

AZƏRTAC xəbər verir ki, nahar zamanı tərəflər bir-birilərinə hədiyyələr də təqdim ediblər.

Kral və Kraliça Trampa ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin 250 illiyinə həsr olunmuş kitab, eləcə də onun ikinci inaqurasiyası günü Bukinqem Sarayında dalğalanmış Britaniya bayrağını təqdim ediblər. ABŞ-ın birinci xanımına isə Şimali İrlandiyalı rəssam Kara Mörfinin hazırladığı gümüş və minadan hazırlanmış qab, həmçinin “Anya Hindmarch” brendinə məxsus fərdi çanta hədiyyə olunub. Cütlüyə birgə şifrələri həkk edilmiş foto üçün gümüş çərçivə də təqdim olunub.

Donald Tramp isə Kralı İkinci Dünya müharibəsində tarixi tərəfdaşlığın rəmzi kimi Prezident Eyzenhauerin qılıncının replika nümunəsi ilə hədiyyələndirib. Kraliçaya isə “Tiffany & Co” şirkətinə məxsus 18 karat qızıldan hazırlanmış, almaz və yaqutlarla bəzədilmiş antik broş təqdim edilib.

Bu gün Kral və ABŞ hərbi hava qüvvələrinin birgə aviaşousunun keçirilməsi də nəzərdə tutulub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
20
2
azertag.az

3Mənbələr