AZ

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 90 məsələ müzakirə edilib



Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Azər Əmiraslanov iclası açaraq, komitə üzvlərinə qarşıdakı sessiyada uğurlar arzulayıb və gündəliyə 10 məsələnin daxil edildiyini bildirib.

Newscenter.az xəbər verir ki, müzakirəyə əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim edilib. Azər Əmiraslanov bildirib ki, ötən sessiyada komitədə 23 iclas keçirilib, ümumilikdə 90 məsələ müzakirə olunub, həmçinin komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan müraciətlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib.

Sonra komitənin cari ilin payız sessiyası üçün iş planı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılması və digər məsələlər nəzərdə tutulub.

Növbəti iki məsələni - “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilməsi haqqında və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihələri ilə bağlı məlumatları da komitə sədri Azər Əmiraslanov təqdim edib. Bildirilib ki, layihələr ölkəmizin sözügedən beynəlxalq tədbirlərə ev sahibliyinin təminatı məsələlərini tənzimləyir.

Gündəliyin beşinci məsələsi olan “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi (birinci oxunuş) barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib. Bildirilib ki, qanun layihəsi nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlərin tənzimlənməsi, bu sahədə olan boşluqların tamamilə aradan qaldırılması, daha yüksək keyfiyyətli xidmətin göstərilməsi məqsədilə hazırlanıb. Nazir müavini nəqliyyat-ekspedisiya fəaliyyətinin layihədə təsbit olunan hüquqi əsasları, əsas prinsipləri, bu sahənin dövlət tənzimlənməsi mexanizmləri və digər məsələləri barədə məlumat verib.

Gündəliyin altıncı məsələsi olan Mülki Məcəllədə, Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsindən irəli gələrək hazırlanıb. Belə ki, yeni qanun layihəsindəki yeni məzmunda anlayışların və normaların tələblərindən irəli gələrək iki məcəlləyə və iki qanuna müvafiq dəyişikliklər təklif olunub.

“Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı da Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov diqqətə çatdırıb. Bildirilib ki, layihə müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırlması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşirilməsi məqsədilə hazırlanıb və bu sahədə vahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutub.

“İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsin departament direktoru Lalə Əkbərova məlumat verib. Qeyd olunub ki, sənəddə ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunub.

9-cu məsələ olan Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) İqtisadiyyat Nazirliyinin şöbə müdirinin müavini Elxan Şiriyev təqdim edib. Layihədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəətə, sənaye parkındakı əmlakına görə vergilərdən azadolmanı, eyni zamanda malların idxalı üçün gömrük rüsumundan azadolmanı 2030-cu ilədək uzadılması təklif olunub.

Gündəliyin sonuncu - “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Elməddin Quliyev məlumat verib. Qeyd olunub ki, layihə uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin beynəlxalq təcrübəyə və standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.

Gündəlikdəki məsələlərin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, komitə üzvləri Vüqar Bayramov, Əli Məsimli, Aydın Hüseynov, Ziyad Səmədzadə, Tahir Mirkişili, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov, Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Yeganə Balakişiyeva çıxış ediblər, rəy və təkliflərini bildiriblər.

İclasda ötən sessiyada komitədə görülmüş işlər məqbul hesab olunub, komitənin qarşıdakı sessiya üçün iş planının layihəsi təsdiqlənib və qanun layihələrinin hamısı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tədbirdə deputatlar Müşfiq Cəfərov, Rövşən Muradov və digər rəsmi şəxslər iştirak ediblər.

Süleyman
Seçilən
41
3
newscenter.az

4Mənbələr