AZ

Deputat: Prezident İlham Əliyevin balanslaşdırılmış daxili və xarici siyasət kursu müasir Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biridir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan dövlətçiliyinin ən mühüm tarixi nailiyyətlərindən biri Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla təsbit olundu. Həmin Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Bu əlamətdar gün yalnız dövlətçilik tariximizdə bir hadisə deyil, eyni zamanda, 30 ildən artıq davam edən mübarizənin, minlərlə şəhidimizin, qazimizin, igid əsgər və zabitimizin fədakarlığının, qəhrəmanlığının və canı-qanı bahasına qazanılmış möhtəşəm Zəfərin əbədi rəmzidir.

Bu günlərin təsis olunması təsadüfi bir hadisə deyil, Azərbaycanın son onilliklərdə apardığı qətiyyətli siyasətin, möhkəm iradənin və xalqımızın sarsılmaz birliyinin məntiqi nəticəsidir. Ermənistanın və qondarma separatçı rejimin silahlı dəstələrinin tam şəkildə tərk-silah edilməsi, ərazilərimizin terrorçu qruplaşmalardan birdəfəlik təmizlənməsi güclü siyasi iradə, dəmir məntiq və xalqın dövlətinə sonsuz inamı sayəsində mümkün oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik çevikliyi və eyni zamanda, hərbi-siyasi gücü ustalıqla birləşdirməsi nəticəsində Azərbaycan xalqı otuz ildən artıq gözlədiyi tarixi ədaləti bərpa etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

Deputat qeyd edib ki, əsrlərin sınaqlarından çıxmış Azərbaycan xalqı uzun illər boyu doğma torpaqlarının işğaldan azad olunacağı günə inanır, ümidini əsla itirmirdi. Hər bir vətəndaşın qəlbində yanan Vətən sevgisi, şəhidlərin müqəddəs qanı və qazilərin misilsiz fədakarlığı bu böyük dönüşün təməlini qoydu. Nəhayət dövlətimizin başçısının dəmir iradəsi, güclü diplomatik fəaliyyəti, ordu quruculuğunda apardığı ardıcıl islahatlar və xalq-iqtidar birliyi Azərbaycanın tarixi Zəfərini təmin etdi. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təkcə işğaldan azad olunmuş torpaqlarımızın qovuşma bayramı deyil, həm də dövlətimizin gücünün, xalqımızın milli birliyinin və Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyinin parlaq təcəssümüdür.

Bildirilib ki, 2023-cü il oktyabrın 15-i Azərbaycan dövlətçilik tarixinin qızıl səhifələrindən biri oldu. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Azərbaycan Bayrağını ucaldaraq tarixi ədalətin bərpasını bütün dünyaya nümayiş etdirdi. Bu möhtəşəm an həm xalqımızın qürur mənbəyinə çevrildi, həm də əsrlərdən gələn milli iradənin və sarsılmaz birliyin təcəssümü oldu. Dövlətimizin başçısı həmin gün xalqa müraciətində xüsusi vurğuladı ki, 20 il əvvəl verdiyi bütün vədlər reallığa çevrilib, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olunub.

Bu hadisə sadəcə hərbi-siyasi qələbənin nəticəsi deyildi, o, bütövlükdə Azərbaycan xalqının mənəvi zəfəri idi. Xalqımızın göstərdiyi dönməz iradə, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində ucaldılan Bayraq artıq qalibiyyətin, milli qürurun və əbədi suverenliyin rəmzinə çevrildi. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dalğalanan üçrəngli Bayraq yalnız şəhərlərin azad olunmasının deyil, həm də Azərbaycan xalqının tarix boyu arzuladığı böyük qayıdışın – öz torpaqlarına əbədi sahib çıxma iradəsinin təntənəli ifadəsidir.

2023-cü il noyabrın 8-də Azərbaycan dövlətçiliyi üçün xüsusi əhəmiyyət daşıyan bir hadisə – Xankəndidə Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad keçirildi. Bu parad yalnız ölkəmizin hərbi gücünün nümayişi deyildi, eyni zamanda, xalqımızın üç il əvvəl qazandığı tarixi Qələbənin əbədi rəmzinə çevrildi. Parad bir daha göstərdi ki, Azərbaycan Ordusu bu gün təkcə regionun deyil, həm də beynəlxalq miqyasda ən güclü və ən peşəkar ordulardan biri kimi qəbul olunur. Bu gücün əsasında isə xalq–ordu–dövlət birliyi, Vətən sevgisi və illərlə aparılan məqsədyönlü siyasət dayanır.

Z.Şükürov diqqətə çatdırıb ki, Qələbənin təmin etdiyi ən mühüm nəticələrdən biri də azad olunmuş torpaqlarda genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılmasıdır. Bu torpaqlar illər boyu həsrətlə gözlədiyi sahiblərinə qovuşduqdan sonra Azərbaycan dövləti onları abadlıq, inkişaf və müasirlik məkanı kimi yenidən dirçəldir. Yollar, məktəblər, xəstəxanalar, yeni yaşayış massivləri ilə yanaşı, təhsil sahəsində də strateji addımlar atılır. Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də imzaladığı Sərəncama əsasən yaradılan Qarabağ Universiteti bu siyasətin parlaq nümunəsidir.

“Xankəndidə fəaliyyətə başlayan bu ali təhsil müəssisəsi təkcə yeni bir universitet deyil, həm də dirçəlişin, intellektual inkişafın və gələcəyə inamın rəmzidir. Qarabağ Universiteti regionun gənclərinə yüksəksəviyyəli bilik və bacarıqlar qazandırmaqla yanaşı, həm də onların milli ruhda yetişməsinə, Vətənə bağlı, peşəkar kadr kimi formalaşmasına xidmət edir. Bu ali məktəbin yaranması Azərbaycanın Qarabağda həyatın bütün sahələrini dirçəltmək, bölgəni elm, mədəniyyət və təhsilin mühüm mərkəzinə çevirmək istiqamətində atdığı strateji addımlardan biridir”, - deyə deputat əlavə edib.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev keçirdiyi balanslaşdırılmış daxili və xarici siyasət kursu müasir Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biridir. Daxili siyasətin mahiyyəti ölkənin hər bir bölgəsində sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına yönəlib. Xüsusilə Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri göstərir ki, dövlətimizin başçısı vətəndaşların doğma yurdlarına rahat, təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək üçün bütün resursları səfərbər edib. Yeni infrastruktur layihələri, müasir yaşayış massivləri, sosial və təhsil müəssisələri bölgənin dirçəlişini və xalqın rifahını əks etdirir. Prezident İlham Əliyevin uzaqgörən və prinsipial xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirib, ölkəmizi regionda etibarlı tərəfdaş və sülhün əsas təminatçısı kimi tanıdıb. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsi, bir çox dövlətlərin liderlərinin azad edilmiş torpaqlara səfərləri və birgə layihələrin reallaşdırılması Azərbaycanın beynəlxalq arenada artan rolunu təsdiqləyir. Daxili və xarici siyasətin bu harmonik və balanslı kursu Azərbaycanın həm güclü, sabit və firavan dövlət kimi möhkəmlənməsinə, həm də regionda əməkdaşlıq, inkişaf və sülhün mərkəzinə çevrilməsinə şərait yaradıb. Bu siyasət nəticəsində Azərbaycan yalnız öz milli maraqlarını qoruyub möhkəmləndirmir, eyni zamanda, beynəlxalq əməkdaşlığa və qlobal təhlükəsizliyə də mühüm töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
azertag.az

3Mənbələr