AZ

Neft hasilatında yarım milyon tonluq geriləmə qeydə alınıb

Azərbaycanda neft hasilatının azalması 2010-cu ilin III rübündən etibarən başlayıb.

Bunu Modern.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Onun sözlərinə görə, artıq 15 ildir ki, neft hasilatı azalma tendensiyası ilə davam edir.

“Sözügedən dövrdə yalnız 2 il ərzində hasilat əvvəlki illə eyni səviyyədə qalıb. Bu, əslində gözlənilən və təəccüblü olmayan bir prosesdir.

Hazırda Azərbaycanda neft hasilatının azalma tempi səngiyib. Məsələn, 3 il əvvəl hasilat 11 faiz azalmışdısa, bu il bu rəqəm təxminən 4.9 faiz, yəni 5 faiz civarındadır. Bu da onu göstərir ki, ötən ilin aprel ayında istismara verilən Mərkəzi-Şərqi-Azəri platforması artıq tədricən hasilatı artırır və layihə gücünə doğru irəliləyir”.

O bildirib ki, bu da əvvəlcədən planlaşdırıldığı kimi, Azərbaycanda neft hasilatının stabilləşməsi istiqamətində atılan bir addımdır:

“Bununla belə, növbəti illərdə hasilatın artması gözlənilmir - azalma davam edəcək. Sadəcə fərq ondadır ki, bir halda azalma yüksək templə gedə bilər, digər halda isə bu proses daha normal və idarəolunan templə baş verir”.

İ.Şaban onu da əlavə edib ki, ötən illə müqayisədə bu il hasilatda yarım milyon tondan çox azalma müşahidə olunur:

“Halbuki ötən il ərzində ümumi azalma 1.1 milyon ton təşkil etmişdi. Bu rəqəmlər göstərir ki, 8 ayın statistikası müqayisədə, illik azalma tempi daha aşağı olacaq”,- o bildirib.

Seçilən
26
1
modern.az

2Mənbələr