AZ

Talibanın Wi Fi qadağası: Əxlaq internetlə ölçülürmü?

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Əfqanıstanda Taliban lideri Hibətullah Axundzadənin qərarı dünya gündəminə oturdu: “əxlaqsızlığın qarşısını almaq” üçün bir əyalətdə "Wi-Fi" istifadəsi qadağan edildi. XXI əsrdə interneti qadağan etmək təkcə texnologiyadan uzaq qalmaq deyil, həm də bir xalqın dünyadan təcrid olunması deməkdir.

Talibanın məntiqinə görə, internet “günah qapısı”dır. Amma bu sualı vermək yerinə düşər: əxlaq həqiqətən də "Wi-Fi" ilə ölçülürmü? Əgər insanın mənəviyyatı zəifdirsə, onun yanlış addım atması üçün telefon və ya internet lazım deyil. Əksinə, güclü mənəviyyat və sağlam təhsil olduqda, informasiya bolluğu belə insana zərər verməz.

Maraqlıdır ki, bütün dünya texnologiyanı həyatın hər sahəsinə tətbiq edərək elm, təhsil, səhiyyə və iqtisadiyyatı inkişaf etdirməyə çalışır. Əfqanıstan isə bu inkişafdan uzaqlaşaraq orta əsrlərə dönməkdədir. Uşaqlar onlayn təhsil ala bilmir, sahibkarlar dünya bazarına çıxış imkanını itirir, insanlar informasiyadan məhrum olur. Bu, sadəcə "Wi-Fi" qadağası deyil, bir millətin gələcəyinin qadağasıdır.

Əslində, əxlaqı qorumaz üçün maarifçilik, təhsil və ictimai dəyərlərin gücləndirilməsi lazımdır. İnterneti bağlamaqla nə günah azalacaq, nə də insanlar daha təmiz yaşayacaq. Əksinə, təcrid olunmuş cəmiyyət daha çox fanatizmə, daha çox savadsızlığa sürüklənəcək.

Texnologiya özü-özlüyündə təhlükə deyil, onun istifadəsi təhlükəli ola bilər. Amma qərar verənlər məsuliyyəti düzgün istiqamətdə deyil, insanların əlindən telefon və interneti almaqda görürlər. Halbuki ən böyük təhlükə, əslində, düşüncəni qadağalarla bağlamaqdadır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
bizimyol.info

1Mənbələr