Payızın gəlişi ilə havalar soyuyur, yağışlar artır və bir çox xəstəliklər daha çox yayılmağa başlayır.
Bəs bu dövrdə sağlamlığımızı necə qorumalıyıq?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Etibar Süleymanov bildirdi ki, payız mövsümündə havaların tez-tez dəyişməsi nəticəsində həm mövsümi xəstəliklərin, həm də virus infeksiyalarının artması müşahidə olunur:
"Bu vəziyyətin başlıca səbəblərindən biri havanın sürətlə dəyişməsi nəticəsində geyim seçiminin çətinləşməsi və bədənin temperatur fərqinə uyğunlaşa bilməməsi ilə bağlıdır. Digər tərəfdən məktəblərin və universitetlərin açılması kollektivlərin təmasını artırır, sıxlıq yaradır və bəzi xəstəliklərin yayılmasına səbəb olur".
Həkimin sözlərinə görə, payızda daha çox müşahidə olunan xəstəliklər arasında havadamcı infeksiyalar, qrip, kəskin respirator xəstəliklər, COVID-19 və digər virus infeksiyaları yer alır.
"Eyni zamanda mövsümi xəstəliklər də kəskinləşə bilər. Bunlar arasında müxtəlif allergik xəstəliklər, mədə yarası, revmatik problemlər və s. halları qeyd etmək olar. Vərəm isə əksinə, əhalinin sıx olduğu yerlərdə daşıyıcı varsa, daha çox yayıla bilər. Xəstəliklərin qarşısını almaq üçün bir sıra tədbirlər görülməlidir. Ümumiyyətlə, fiziki hərəkətlərlə bədəni gücləndirmək, meyvə və tərəvəzlərdən bol istifadə edərək vitamin balansını təmin etmək vacibdir. Həmçinin, pnevmoniya və qrip kimi xəstəliklərə qarşı peyvəndlərin vaxtında vurulması tövsiyə olunur. Evdən çıxarkən havanın dəyişmə riskini nəzərə alaraq isti geyim seçmək, çoxlu maye qəbulu və təmiz havada vaxt keçirmək də qoruyucu tədbirlərdəndir. Xəstəlik yayılarsa, sıx olan yerlərdə maskadan istifadə hava-damcı infeksiyalarının qarşısını almağa kömək edir", - deyə E.Süleymanov yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI