AZ

Qəbul imtahanlarında yenilik: “Sistem getdikcə mürəkkəbləşir”

“Düşünürəm ki, istənilən yeni sistem və ya model tətbiq olunmazdan əvvəl tam şəkildə texniki və metodoloji baxımdan hazır olmalıdır”.

Bunu AzEdu.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib.

168061

Ekspert bildirib ki, hazırda 9-cu siniflər üçün tətbiq edilən yeni test modelinin gələcəkdə 11-ci siniflərin qəbul imtahanlarında da tətbiq olunma ehtimalı böyükdür:

“Lakin əsas məsələ ondadır ki, biz çox zaman sistemi sadələşdirmək əvəzinə, əksinə, mürəkkəbləşdiririk. Bu isə müxtəlif texniki və praktiki problemlərə yol açır. Məsələn, şagirdlər yeni modelə uyğun hazırlaşır, amma qəbul imtahanında fərqli format tətbiq olunarsa, bu, qarışıqlıq yaradır. Əgər yeni model texniki vasitələrlə elektron formada yoxlanacaqsa, ciddi problem gözlənilmir. Amma yenə də insan faktoru ilə yoxlanma aparılacaqsa, əvvəlki illərdə gördüyümüz kimi, ciddi problemlər ortaya çıxa bilər. Açıq sualların yoxlanılmasında edilən səhvlər, düzgün cavabların yanlış qiymətləndirilməsi və apellyasiya nəticəsində düzəlişlərin edilməsi bunun bariz nümunəsidir.

Dövlət İmtahan Mərkəzinin apellyasiya nəticələrini dəyişməsi də göstərdi ki, insan faktoru ilə bağlı risklər hələ də qalmaqdadır. Bu səbəbdən gələcək imtahanlarda yeni model elektron şəkildə tətbiq edilərsə, daha sağlam və obyektiv nəticələr əldə etmək mümkün olacaq.

Ümumiyyətlə, mən hesab edirəm ki, istənilən yeni sistem və ya model tətbiq olunmazdan əvvəl tam şəkildə texniki və metodoloji baxımdan hazır olmalıdır. Yəni, infrastruktur qurulmalı, sistemləşdirilməli və yoxlama mexanizmləri dəqiq müəyyənləşdirilməlidir. Əks halda, həm ictimai narazılıq artacaq, həm də abituriyent və valideynlər tərəfindən haqlı etirazlar ortaya çıxacaq.

Xarici dil imtahanı məsələsinə gəlincə, bəli, bu, olduqca vacibdir. Çünki bir çox şagird beynəlxalq imtahanlara hazırlaşır və əgər yeni model həmin imtahanlara uyğunlaşdırılarsa, məqsədəuyğun olar. Yenə də əsas şərt odur ki, yoxlanma prosesi şəffaf və düzgün aparılsın”.

Seçilən
12
azedu.az

1Mənbələr