AZ

Ey ədəb, sən nə gözəl imişsən...

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Lalə Mehralı

Bəlkə də fərqindəsiniz, hər gün əvvəlki gündən də çox şikayətlənirik ədəbsizlikdən, mədəniyyətsizlikdən. Bizi gördüklərimiz incidir, şahidi olduqlarımız narahat edir. Ədəbin olmadığı anlarda yoxluğuna heyfslənirik. Ədəb insanın geyimidir, hər birimizin bədəninə biçilmiş, həm görünməz, həm də göstərilə bilən geyimdir. O geyim sizi ətrafda ən ədəbli insan kimi də tanıda bilər, ən ədəbsiz biri kimi də. Seçim həm bizim əlimizdədir, həm də ailəmizin. Hər ailə bir ədəbsiz yetişdirib göndərsə cəmiyyətə, yaranacaq xaosu təsəvvür edə bilirsinizmi?

Ədəb mənim yaralı yerimdir, yumşaq qarnımdır. Təzada baxın ki, tərs kimi həmişə ədəbsizliyin nümayişinə şahid oluram. Oğlumu məktəbəqədər hazırlıq kursuna aparmışdım. Gözləmə zalında 3-4 yerə "Hörmətli valideynlər, sakitliyə riayət edin, dərsin gedişatına mane olmayın" yazısı yapışdırılmışdı. Amma ağız deyəni qulaq eşitmirdi salonda. Resepsiondakı qız dəfələrlə xahiş etdi ki bir az sakit olun. Kimə deyirsən?

Film yükləmişdim telefonuma, ona baxmaq istədim, səs-küydən qulaqlıqla belə heç nə eşidə bilmədim. Kitab oxumağa çalışdım, olmadı, bağlayıb qoydum çantama. Analar elə bil illərdir bura toplaşmağı gözləyirmiş, durmadılar, dayanmadılar, hayla-küylə söhbət etdilər. Müəllimə çıxdı sinifdən, “dərsə mane olursunuz” dedi, 2 dəqiqə sonra yenə eyni şey. Kədərli mənzərədir, abırın ən çox yaraşdığı insanlarda – analarda abır-həya yoxdur, mədəniyyət yoxdur. Bütün bunları qoydum bir kənara, pul verirlər kursa, amma müqabilində keçiləcək dərsə mane olurlar. Qəribə təzaddır. İki kişi valideyn vardı gözləmə zalında, ikisinin də qulağında qolaqcıq, telefonda videoya, ya da filmə baxdılar 2 saat boyunca, səsləri çıxmadı.

Yas evlərində, mərasim zallarında da belədir. Nə ölənə hörmət var, nə ölənin yaxınına. Sanki qeybət acıdır qadınlar, suya, çörəyə olan aclıq kimi hərisdirlər qeybətə, dodaqları dayanmır. Baxırsan yan zalda kişilər də yas mərasimindədir, səsləri çıxmır, mollanı dinləyir hamısı. Amma qadınlar nə molla dinləyir, nə də sakit dayanır. Düzü, mollanı mən də canı-könüldən dinləmirəm, çünki məntiqli heç nə danışmırlar, ruhani bilik vermək yerinə qəbir əzabından, goreşəndən başqa bildikləri yoxdur. Amma sakit dayanmaq ədəbdir, hörmətdir və mən birinci özümə yaraşdırmaram kimsə danışanda danışmağı.

Mədəniyyətsizlik zəhərləyir bizi, öldürür yavaş-yavaş. Tərbiyə etdiklərimiz də özümüzə bənzəyir. Azlığın tərbiyəsindən çıxmış tərbiyəli uşaqlar da yavaş-yavaş zəhərlənəcəklər o mədəniyyətsizliyin təsiri ilə. İşıqforda yaşılı gözləməyən ananın sürüyüb zorla yolu keçirdiyi uşaq da qayda pozacaq, anasının susmadığını, danışana hörmət eləmədiyini görən uşaq da təkrar edəcək gördüklərini. Onlar bizi təqlid edir. Uşaq tərbiyəni anadan alır, onu həyata ana hazırlayır. Hazırlaya bilirmi çox qadın?

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
sesqazeti.az

1Mənbələr