AZ

Günəş getdikcə daha aktiv olur - NASA səbəbini bilmir

Günəş getdikcə daha aktiv olur - NASA səbəbini bilmir

Alimlər 2019-cu ildə sona çatan əvvəlki Günəş dövründən sonra yeni dövrün də eyni şəkildə zəif olacağını proqnozlaşdırmışdılar. Lakin bu proqnozlar doğru çıxmadı. Günəş Dövrü 25 NASA və ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) gözləntilərinin əksinə, çox daha güclü başladı.

NASA Jet Propulsion Laboratory-dən plazma fiziki Ceymi Jasinski bildirib ki, bütün əlamətlər Günəşin uzunmüddətli aşağı aktivlik dövrünə girəcəyini göstərirdi. Jasinski qeyd edib ki, bu tendensiyanın tərs çevrilməsi sürpriz oldu: "Günəş yavaş-yavaş oyanır".

Günəş dövrləri və qeyri-müəyyənlik

Günəş hər 11 ildən bir maksimum aktivliyə çatır, sonra yenidən minimuma enir. Bu prosesdə günəş ləkələri, partlayışlar və tac kürə kütlə atımları artır, həmçinin Günəşin maqnit qütbləri tərs çevrilir. Yüzilliklərdir qeydə alınan bu dövrlərə baxmayaraq, alimlər Günəşin davranışlarını tam dəqiqliklə proqnozlaşdıra bilmirlər.

Tarixdə 1645–1715-ci illərdə “Maunder Minimumu”, 1790–1830-cu illərdə isə “Dalton Minimumu” adlanan aşağı aktivlik dövrləri yaşanıb. Lakin bu uzunmüddətli dəyişikliklərin səbəbləri hələ də məlum deyil.

2008 sonrası dəyişikliklər

2008-ci ildə başlayan Günəş Dövrü 24 ən zəif dövrlərdən biri olub. Tədqiqatçılar Dövr 25-in də eyni şəkildə keçəcəyini düşünürdülər, lakin aktivlik səviyyələri orta göstəricidən yuxarı olub.

Jasinski və həmkarı Marko Velli bildiriblər ki, 2008-ci ildən etibarən Günəş küləyi sürət, sıxlıq, temperatur, təzyiq, kütlə və maqnit sahəsi baxımından ardıcıl olaraq güclənir. Bu, gələcək illərdə daha güclü kosmik hava hadisələrinin — sürətli küləklər, fırtınalar, partlayışlar və tac kürə kütlə atımlarının — baş verə biləcəyini göstərir.

Daha böyük dövr: Hale dövrü

Tədqiqatçıların tapıntıları Günəşin 22 illik Hale dövrü ilə də uyğunluq təşkil edir. Bu dövrdə iki Günəş dövrü birlikdə qiymətləndirilərək maqnit qütbləri əvvəlki vəziyyətinə dönür. Alimlər əsas müəyyən edici prosesin Hale dövrü ola biləcəyinə diqqət çəkirlər.

Hazırda Günəş küləyi təzyiqi 20-ci əsrin əvvəlinə nisbətən hələ də aşağıdır. Lakin bundan sonra artıb-artmayacağı və ya sabit qalacağı yalnız müşahidələr vasitəsilə müəyyənləşdirilə bilər.

Daha geniş müşahidə tələb olunur

Ekspertlər bildirirlər ki, bu tapıntılar göstərir ki, yalnız Günəş ləkələrinin sayı kifayət deyil və Günəşin davranışlarını anlamaq üçün çox daha geniş məlumat toplusuna ehtiyac var.

Tədqiqatın nəticələri The Astrophysical Journal Letters jurnalında dərc olunub.

Seçilən
3
afn.az

1Mənbələr