AZ

Britaniya-Azərbaycan strateji tərəfdaşlığı nə vəd edir?

Son həftələrdə Böyük Britaniya və Azərbaycan arasındakı münasibətlərdə tarixi bir addım atıldı. Avropa məsələləri üzrə nazir Stiven Dautinin Bakıya səfəri zamanı iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi elan edildi.Millət vəkili Naqif Həmzəyev Metbuat.az-a açıqlamasında ildirib ki, bu inkişaf hər iki ölkə üçün yeni imkanlar və uzunmüddətli perspektivlər yaradır: “Böyük Britaniya-Azərbaycan əlaqələrinin tarixi müstəqillik illərinin əvvəllərinə gedib çıxır. Xüsusilə 1990-cı illərin əvvəllərində BP şirkətinin Azərbaycanda fəaliyyətə başlaması bu əməkdaşlığın əsasını qoydu. “Əsrin müqaviləsi”nin imzalanması isə əlaqələrin daha da möhkəmlənməsinə səbəb oldu. 2017-ci ildə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan saziş tərəfdaşlığın uzunmüddətli xarakterini bir daha təsdiqlədi.Lakin müasir dövrdə əməkdaşlıq artıq yalnız ənənəvi enerji sektoru ilə məhdudlaşmır. İqlim dəyişikliyi ilə mübarizə, yaşıl transformasiya və davamlı inkişaf məsələləri əlaqələrin yeni istiqamətlərini formalaşdırır. Azərbaycanın enerji strategiyasında yaşıl transformasiya mühüm yer tutur və bu sahədə Böyük Britaniya ilə əməkdaşlıq xüsusilə perspektivlidir Bakının COP29 İqlim Konfransına ev sahibliyi etməsi də Böyük Britaniya-Azərbaycan münasibətlərində yeni mərhələ açır. Bu hadisə yalnız böyük tədbirin təşkilinə deyil, həm də iqlim sahəsində uzunmüddətli əməkdaşlığa güclü töhfə verir. Azərbaycan bu çərçivədə beynəlxalq iqlim maliyyəsindən faydalanmaq, yaşıl fondlara və dayanıqlı maliyyə alətlərinə çıxış qazanmaq, eləcə də karbon neytral iqtisadiyyata keçid prosesində dəstək almaq imkanları əldə edir”. Böyük Britaniya ilə təhsil sahəsində atılan addımlara diqqəti yönləndirən millət vəkili vurğulayıb ki, bu yaxınlarda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin Uorvik Universiteti arasında bərpa olunan enerji mənbələri üzrə magistratura proqramının başlanması bu istiqamətdə kadr hazırlığının əhəmiyyətini göstərir: “Universitetlərarası əməkdaşlıq isə yalnız enerji sahəsi ilə məhdudlaşmır. Mühəndislik, biznes idarəetmə, beynəlxalq münasibətlər və digər istiqamətlər üzrə də tədris proqramlarının genişləndirilməsi planlaşdırılır. Təhsil sahəsində tələbə və müəllim mübadiləsi, birgə diplom proqramları, elmi tədqiqat layihələri, startap və sahibkarlıq təlimləri kimi fəaliyyətlər nəzərdə tutulur”. İqtisadi sahədə əməkdaşlıq imkanlarını xatırladan Naqif Həmzəyev vurğulayıb ki, Böyük Britaniya kapitalının Azərbaycana cəlb edilməsi ölkə iqtisadiyyatının diversifikasiyası üçün əhəmiyyətli hesab olunur: “Nazir Bakıya səfəri çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Britaniya biznes nümayəndələri ilə görüşərək investisiya imkanlarını müzakirə edib. Bu, həm tərəfdaşlığın iqtisadi ölçüsünü, həm də gələcəkdə yeni istiqamətlərin açılacağını göstərir. İnvstisiya sahələrində əsas diqqət informasiya texnologiyaları və rəqəmsal transformasiya, turizm və xidmət sektoru, aqrar sənaye və emal, eləcə də infrastruktur layihələrinə yönəldilib. Strateji tərəfdaşlığın uğurla inkişafı üçün müəyyən çağırışların da həlli vacibdir. Azərbaycanda biznes mühitinin beynəlxalq standartlara uyğunlaşdırılması, ingilis dilini bilən və beynəlxalq təcrübəyə malik mütəxəssislərin hazırlanması, investisiyaların həyata keçirilməsi üçün müvafiq maliyyə mexanizmlərinin yaradılması əsas məsələlər sırasında yer alır”.Millət vəkili qeyd edib ki, Böyük Britaniya ilə əməkdaşlıq Azərbaycan üçün iqtisadi diversifikasiya, texnoloji inkişaf və beynəlxalq inteqrasiyanın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir:“Yaşıl enerji, təhsil, investisiyalar və iqlim diplomatiyası sahəsində əməkdaşlıq Azərbaycanın 2030 və sonrakı illər üçün strateji məqsədlərinə nail olmasında mühüm rol oynaya bilər. Əgər tərəfdaşlıq uğurla reallaşarsa, bu model regionda yeni əməkdaşlıq nümunəsi kimi çıxış edə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
23
metbuat.az

1Mənbələr