AZ

Netanyahu Qətərə qarşı sözlü hücumlarını artırdı

Netanyahu Qətərə qarşı sözlü hücumlarını artırdı

İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə Dohaya edilən hava hücumundan sonra Qətərə qarşı sözlü hücumlarını gücləndirib.

“Yedioth Ahronoth” və “Maariv” qəzetlərinin məlumatına görə, Netanyahu Qüdsün qərbindəki ofisində mətbuat konfransı keçirib.

O, Qətərə qarşı sərt tənqidlərinin olduğunu və bunları müharibə zamanı dilə gətirdiyini bildirib.

“Əgər Qətər istəsəydi, daha güclü təzyiq göstərə bilər və qaçırılan bütün insanlarımızın (israilli əsirlərin) azad edilməsinə kömək edə bilərdi”, – deyə Netanyahu qeyd edib. Baş nazir əlavə edib ki, Qətər Hamasla əlaqəlidir, onu dəstəkləyir, ona ev sahibliyi edir və maliyyələşdirir.

Netanyahu “Əl-Cəzirə” televiziyasına baxanların orada antisemitizm, antisionizm və illərdir davam edən antiamerikançılığı gördüklərini iddia edib.

O, ölkəsinin Qətərə qarşı aqressiyasını əsaslandırmağa çalışaraq bildirib ki, 11 sentyabr 2001 hadisələrindən iki həftə sonra BMT Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsi qəbul olunub.

Baş nazirin sözlərinə görə, həmin qətnamədə 11 sentyabr hücumlarından sonra terrorçuların harada olurlarsa olsun, zərərsizləşdirilməsi qərara alınıb və sənəddə göstərilib ki, terrorçular hər hansı dövlətin ərazisində sığınacaq, maliyyə və ya qoruma tapsalar belə, onlara terrorçu kimi yanaşılacaq. Netanyahu bildirib ki, ABŞ bu qərara əsaslanaraq əvvəlcə terrorçu adlandırdığı şəxslərin yaşadığı Əfqanıstanı, daha sonra isə Pakistanı bombalayıb.

Netanyahu vurğulayıb ki, nəticə aydındır: “Biz Qətərdə hərəkətə keçdik və Hamas sığınacaq tapa bilmədi. Bu, həm Hamas rəhbərlərinə, həm də İsrailin hər yerdəki düşmənlərinə çox güclü bir mesajdır.”

Baş nazir İsrailin Qətərlə heç bir ticarət əlaqəsinin olmadığını və bu məsələ ilə maraqlanmadığını da vurğulayıb.

Seçilən
17
afn.az

1Mənbələr