1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev süni intellektin (Sİ) etik inkişafı üçün dinlərarası komissiyanın yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu komissiya "özünəməxsus hökmlər" hazırlamalıdır.
Oxu.Az xəbər verir ki, Tokayev bu barədə Astanada keçirilən VIII Dünya və ənənəvi dinlər liderlərinin Qurultayında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, istənilən texnologiya insanların rifahı üçün xidmət etməlidir.
"Əminəm ki, mənəvi dəyərlərin qoruyucuları olan dini liderlər bəşəriyyətin rəqəmsal gələcəyinin müzakirəsində iştirak etməlidirlər. Təklif edirəm ki, süni intellektin etik inkişafı üzrə dinlərarası komissiya yaradılsın. Bu komissiya neyron şəbəkələr və digər texnologiyalarının məsuliyyətli istifadəsinə dair universal prinsipləri hazırlasın", - deyə Tokayev bildirib.
O, bu prinsiplərin insan ləyaqətinə hörmət, diskriminasiyanın yolverilməzliyi və taleyüklü qərarların qəbulunda nəzarəti nəzərdə tutacağını qeyd edib.
Tokayev əlavə edib ki, süni intellekt artıq insanların həyatının bütöv sahələrini dəyişir, lakin etik normalar bəzən elmi-texniki tərəqqiyə çatmaqda geri qalır.
Qeyd edək ki, Astanada açılan VIII Qurultayda dünyanın 60-a yaxın ölkəsindən 100-dən çox nümayəndə heyəti iştirak edir.