AZ

Vətən uğrunda ölümsüzləşən qəhrəman şəhid İqbal Rzayev

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Ağdaş, 17 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

2023-cü il sentyabrın 19–20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və beynəlxalq səviyyədə tanınmış ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdi. Bu Qələbənin qazanılmasında neçə-neçə qəhrəmanımızın imzası var. Onlardan biri də şəhid Rzayev İqbal İlham oğludur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2004-cü il aprelin 19-da Ağdaş rayonunda anadan olan İqbal gənc yaşlarından Vətənə sonsuz sevgisi və sədaqəti ilə seçilib. Orta təhsilini Ağdaş rayon 8 nömrəli orta məktəbdə tamamlayan İqbal, həm təhsil göstəriciləri, həm də idman nailiyyətləri ilə diqqət çəkib. O, məktəbi əla qiymətlərlə bitirib, idman sahəsində də uğurlar qazanıb.

Şəhidin atası Rzayev İlham deyir ki, məktəbdə müəllimləri, sinif yoldaşları və dostları həmişə İqbaldan razılıqla danışıb. Hərbi hissədə də əsgər yoldaşları və zabitlər onunla fəxr edirdi: “Onun ordenini və medalını evə general özü gətirmişdi – bu, ona göstərilən böyük hörmət idi. Antiterror əməliyyatı başlayan zaman ön sıralarda gedənlərdən biri oldu. Qürur duyuram ki, o, bacılarının, elinin, rayonunun və ölkəsinin fəxridir”.

İqbalın anası Ülviyə Quluyeva oğlunun şəhidlik zirvəsinə yüksəlməsi xəbərini “Vətən sağ olsun” sözləri ilə qarşılayıb. Bildirir ki, İqbal onun üçün həm qardaş, həm də ata kimi olub. “Çox ağıllı övlad idi, böyük-kiçik yeri bilən, 9 yaşından həyatın nə olduğunu anlayan, təmkinli və heç kimi incitməyən uşaq idi. Hər yerdə özünə hörmət qazanmışdı. Əsgərliyə yola salanda mətbəxdə ağladım. Dedi ki, “niyə ağlayırsan?” Cavab verdim ki, “ana qurban, mən sənsiz necə qalacağam?”. “Ay ana, ağlama, birdən şəhid olaram, özünü hər şeyə hazırlamalısan” – dedi... Oğlum mənim, bacılarımız, Vətənimiz uğrunda şəhid olub. Buna görə hər zaman qürurluyam. Allah Prezidentimizi, vitse-prezidentimizi və dövlətimizi qorusun, bir daha ölkəmiz üzərində qara buludlar dolaşmasın”, - deyə şəhid anası bildirir.

İqbal Rzayev Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu lokal antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə igidlik nümunəsi göstərərək qəhrəmancasına şəhid olub. O, əsl qəhrəman kimi öz vəzifəsini yerinə yetirərkən həm döyüş yoldaşlarına nümunə oldu, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə silinməz iz qoydu.

Prezident İlham Əliyevin Sərəncamı ilə İqbal Rzayev ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu yüksək mükafatlar onun igidliyinin, mərdliyinin və Vətənə sədaqətinin rəmzidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
azertag.az

1Mənbələr