ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Azərbaycan xalqı artıq ikinci ildir ki, 20 sentyabr tarixində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Gününü qeyd edir. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis olunan bu gün uzun illərin həsrətinə son qoyan böyük Zəfərin, ərazi bütövlüyümüzün tam bərpasının rəmzidir.
Bu əlamətdar günün təsis edilməsi təkcə qələbənin rəsmiləşdirilməsi deyil, həm də 30 il ərzində aparılan mübarizənin, minlərlə igid Vətən övladının canı və qanı bahasına qazanılan müqəddəs bir uğurun simvoludur. Uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması, terrorçu dəstələrin ləğv olunaraq bölgədən birdəfəlik çıxarılması ilə Azərbaycan dövlətinin suverenliyi bərpa edildi.
2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Azərbaycan bayrağını ucaldaraq tarixi ədaləti bərpa etdi. Bu an xalqımızın yaddaşına qürur və fəxarət dolu bir səhifə kimi yazıldı. Prezident İlham Əliyevin 20 il əvvəl verdiyi vədlərin gerçəkləşməsi, Azərbaycanın milli maraqlarının və ərazi bütövlüyünün qorunması dövlət başçımızın sarsılmaz iradəsinin və xalqın birliyinin təntənəsi oldu.
Həmin gündən sonra bölgədə həyatın bərpası, şəhərlərin və kəndlərin yenidən qurulması istiqamətində genişmiqyaslı layihələrə start verildi. Qarabağ Universitetinin yaradılması, yolların, məktəblərin, xəstəxanaların, sosial infrastrukturun inşası bu torpaqlara yeni nəfəs gətirdi. Azad olunmuş şəhərlərdə yeni yaşayış kompleksləri, müasir tibb müəssisələri, mədəniyyət və idman ocaqları açılır, Qarabağ iqtisadi rayonunun sürətli inkişafı təmin edilir.
Qazanılan Qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, xalq-dövlət birliyinin təntənəsidir. 2023-cü ilin noyabrında Xankəndidə keçirilən hərbi parad, dekabr ayında “Qarabağ” futbol komandasının 30 ildən sonra bölgədə oynadığı ilk rəsmi oyun, Xocalı və Hadrutda bərpa olunan həyat bu Zəfərin bariz nümunələridir. Bütün bu tədbirlər həm də dünyaya bir daha göstərdi ki, Azərbaycan bu torpaqların yeganə sahibidir və burada yalnız üçrəngli bayrağımız dalğalanacaq.
Bu gün Qarabağın hər guşəsində ucalan Azərbaycan bayrağı şəhidlərimizin ruhunu şad edir. Onların canı və qanı bahasına əldə olunan qələbə bizə göstərir ki, Azərbaycan xalqı bir olduqda heç bir qüvvə qarşısında dayana bilməz. Torpaqlarımızın işğaldan azad edilməsi həm də gələcək nəsillərə örnəkdir – Vətən sevgisinin, dövlətə sədaqətin və mübarizə əzminin ən parlaq nümunəsi kimi tarixdə qalacaq.
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Günü yalnız tarixi Qələbəmizi xatırlatmır, həm də gələcəyə inam, quruculuq və tərəqqi yolunda möhkəm iradəmizi ifadə edir. Bu gün xalqımızın birliyini, dövlətimizin gücünü, Prezident İlham Əliyevin qətiyyətini simvolizə edən əlamətdar tarixdir. İllərlə həsrətində olduğumuz bu gün artıq reallığa çevrilib və Azərbaycan xalqı böyük qürur hissi ilə öz Zəfər yolunu şərəflə davam etdirir.
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.