AZ

İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dövlət reyestrində qeydiyyata alınacaq

İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizmi təkmilləşdirilir.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, mövcud qanunda bu hüququn ipoteka saxlayanlar arasında müqavilə əsasında dəyişdirilə bilməsi nəzərdə tutulub. Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur.

Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq. Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən ödəniləcək.

Vurğulanıb ki, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin daha işlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanın hüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.

Qeyd edilib ki, qanun layihəsinin qəbul edilməsi nəticəsində ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin ediləcək.

Seçilən
40
11
kommersant.az

10Mənbələr