Bu ilin yanvar-iyun ayları üzrə ölkənin xalis maliyyə aktivləri 3 milyard ABŞ dolları artıb.
Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin 6 ayı üzrə açıqladığı tədiyə balansı məlumatlarına əsasən, bu göstərici xaricə yönəldilən birbaşa investisiyalar (0,5 milyard dollar), portfel investisiyaları (1 milyard dollar) və digər investisiyalar (1,5 milyard dollar) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 230 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunan birbaşa investisiyalar (-195,8 milyon dollar), neft bonusu (450,2 milyon dollar), portfel investisiyaları (-24,9 milyon dollar) və digər investisiyalar (0,5 milyon dollar) hesabına formalaşıb.
Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 516,3 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 195,8 milyon dollar azalıb. Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunan sərmayələrin ümumi məbləği 3,2 milyard dollar, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,3 milyard dollar olub. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77,2 faiz təşkil edib.
2025-ci ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-652,2 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunan investisiya ilə (2 488,6 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (3 140,8 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə, qeyri-neft-qaz sektoruna cəlb olunan birbaşa xarici investisiyaların ümumi məbləği 25,4 faiz artaraq 733,9 milyon dollar olub ki, bunun da bir hissəsi (240,4 milyon dollar) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlı olub.