AZ

Azərbaycan 13 cü Beynəlxalq Altay Topluluqları Simpoziumunda təmsil olunub

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Beynəlxalq Altay Topluluqları Simpoziumunun 13-cüsü “Ad, ünvan, ləqəb mədəniyyəti” mövzusunda 3-5 sentyabr 2025-ci il tarixlərində Macarıstan Respublikasının Szeged Universitetində keçirilib.

525.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Aynur Aydın qızı İbrahimova bu mötəbər elmi tədbirdə iştirak edərək idarə heyətinin üzvü kimi fəaliyyət göstərib, bölmə moderatorluğu və elmi məruzə ilə çıxış edib.

Ənənəvi olaraq hər il müxtəlif ölkələrdə təşkil olunan simpozium bu dəfə Macarıstanın Baş Nazirliyi, Szeged Universitetinin Rektorluğu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu, Türk Tarix Qurumu, Türk Dünyası Bələdiyyələr Birliyi, İSTESOB, Türk Dövlətləri Təşkilatı və digər qurumların əməkdaşlığı ilə gerçəkləşdirilib.

Üç gün davam edən intensiv və səmərəli müzakirələrdə Türkiyə, Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Yaponiya, Koreya, Monqolustan, Çin, Çili, Almaniya və Rusiya Federasiyası olmaqla 150-yə yaxın alim və tədqiqatçı iştirak edib, ümumilikdə 135 elmi məruzə təqdim olunub.

Simpoziumun açılış mərasimində Beynəlxalq Altay Topluluqları Simpoziumunun sədrləri Prof. Dr. İlhan Şahin və Prof. Dr. Şandor Pop, Türkiyə Respublikasının Budapeştdəki səfiri Gülşən Karanis Ekşioğlu, Qazaxıstan Respublikasının Budapeştdəki səfiri Abzal Saparbekuly, Al-Farabi Qazax Milli Universitetinin rektoru Prof. Dr. Canseyit Tuymebayev, Türk Tarix Qurumunun sədri Prof. Dr. Yüksel Özgen, Szeged Universitetinin prorektoru Prof. Dr. Zoltan Konya və bir çox dövlət rəsmiləri iştirak ediblər.

Aynur İbrahimova “Azərbaycan türklərində adqoyma və onun milli-etnik anlamı” mövzusunda məruzəsində advermə motivinin layla, nağıl, atalar sözləri və dastanlarda qəhrəmanın epik bioqrafiyasını tamamlayan magik ritual olmaqla yanaşı, bütün dövrlər üçün aktual məzmun daşıdığını vurğulayıb. O, adqoyma ənənəsini Azərbaycan türklərinin mifoloji düşüncəsini, dini inanclarını, sosial quruluşunu və milli kimliyini əks etdirən mühüm etnoqrafik hadisə kimi dəyərləndirib. Çıxışında nümunələr əsasında Azərbaycan coğrafiyasında rast gəlinən adların xalqımızın tarixi və mədəni həyatını əks etdirdiyini, antroponimiyanın özünəməxsus xüsusiyyətlərə malik olduğunu qeyd edib. O, həmçinin adların seçilməsində dini inanclar, təbiət hadisələri, sosial status, bayramlar və ailə arzularının mühüm rol oynadığını, bu adların xalqın dini-mənəvi dəyərlərini, məişət xüsusiyyətlərini və etnopsixologiyasını özündə birləşdirdiyini diqqətə çatdırıb. Alim adqoyma ənənəsinin bu gün də yaşadılaraq xalqımızın mənəvi zənginliyini və milli kimliyini təsdiqləyən mədəni irs nümunəsi olaraq davam etdiyini vurğulayıb.

Aynur İbrahimova simpoziumun VI bölmə iclasının moderatoru qismində də çıxış edib, iclasda Ezgioya Malkoçun “Azərbaycan türkcəsində ləqəblərin praqmatik funksiyası”, Ahmet Uğurel və Roza Bakbergenovanın “Ulupamir qırğızlarında ad, ünvan və mifoloji adlandırmalar”, İzzet İbrahimsoylunun “Balkan İslav qaynaqlarında türkün yörük sifəti” adlı məruzələri dinlənilib və elmi ictimaiyyətin böyük marağına səbəb olub.

Simpoziumun açılışında, həmçinin Əl-Fərabi Qazax Milli Universitetində keçirilmiş “Altay Topluluqlarında Yer və Su Adları” mövzusunda 11-ci Beynəlxalq Altay Topluluqları Simpoziumunun məqalələr toplusu iştirakçılara təqdim edilib. Bu topluda Aynur İbrahimovanın “Koroğlu-Goroğlu dastanlarında epik məkan – Çənlibel” adlı məqaləsi də yer alıb.

Elmi proqram çərçivəsində iştirakçılar Szeged Universitetinin kitabxanasının Şərq Kolleksiyası və Əlyazmalar fondu ilə tanış olub, zəngin kitab fondu və arxiv materiallarını araşdırmaq imkanı qazanıblar. Mədəni tədbirlər çərçivəsində isə Opusztaszer Milli Xatirə Parkı və Macarıstanın folklorunu, milli irsini və ənənəvi sənətkarlığını əks etdirən Hungarikum Liget kompleksi ziyarət olunub.

“Ad, Ünvan və Ləqəb Mədəniyyəti” mövzulu 13-cü Beynəlxalq Altay Topluluqları Simpoziumunun bağlanış mərasimi Macarıstan Elmlər Akademiyasının tarixi binasında keçirilib. Tədbirdə bu simpoziumun akademik ictimaiyyət üçün ortaq elmi tədqiqatlara yeni üfüqlər qazandıracağı, xalqlar arasında elmi inteqrasiyanın güclənməsinə xidmət edəcəyi vurğulanıb.

AMEA Folklor İnstitutu bu beynəlxalq simpoziumda iştirakı ilə Azərbaycan elminin və folklorşünaslığının beynəlxalq müstəvidə daha geniş tanınmasına mühüm töhfə verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
525.az

1Mənbələr