AZ

Millət vəkilləri dərmanların qiymətini ucuzlaşdıra bilər AÇIQLAMA

ain.az, Sherg.az saytına istinadən bildirir.

Rəqabət yoxdur, Tarif Şurasının tənzimləmə mexanizmi iflasa uğrayıb

“Dərman preparatlarının idxalına tətbiq edilən ƏDV ləğv olunarsa, dərmanların qiyməti ucuzlaşacaq. Dərmanların qiymətində artım bu məsələ Tarif Şurasına tapşırıldıqdan sonra baş verdi”

Milli Məclisin Səhiyyə komitəsinin iclasında dərman preparatlarına əlçatanlıq məsələsi müzakirə olunub. Komitənin sədri, akademik Əhliman Əmiraslanov deyib ki, dərmanların keyfiyyəti, əlçatanlığı və qiymətləri cəmiyyəti narahat edir. Komitə sədri bildirib ki, icbari tibbi sığortadan insanların məmnunluğu get-gedə artır, amma yenə də problemlər qalmaqdadır: “Ona görə də “Tibbi sığorta haqqında” qanuna dəfələrlə dəyişikliklər edilir. Dərman vasitələrinin keyfiyyəti, əlçatanlığı cəmiyyəti narahat edən məsələdir. Seçicilər görüşlərdə dərmanların qiymətlərindən də narazılıqlarını bildirirlər”.

Dərman preparatlarının bahalığı öz yerində, bəzən zəruri olan dərmanları hətta baha qiymətə almağa razı olan vətəndaşın onu da tapa bilməməsi həqiqətən ciddi problemdir. Bu cür hallarda dost-tanışlar bir-birinə “Alman aptekinə get”, yaxud da “Depoda tanışım var, xahiş edərik, gətirdər”, deyə məsləhət verirlər. Dərmanlar niyə qəhətə çıxır?      

Terapevt Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, bəli, bu problem var:

- Bahalı dərman vasitələri var ki, biz müalicə həkimləri onların xərcinin İcbari Tibbi Sığorta hesabına ödənilməsini təklif edirik. Çünki bunlar elə dərmanlardır ki, sadə vətəndaşın onu almağa maddi imkanı çatmır. Amma vacibdir ki, xəstə onları qəbul etsin, müalicəsi fayda versin. Bəzən də həkimlər pasiyentlərə bahalı, firma dərmanları təyin edir. Bilirsiz, bu, birbaşa həkimin vicdan məsələsidir. Dərmanların əksəriyyəti ölkəyə firmalar tərəfindən gətirilir. Dərmanların təyinində 2 hal nəzərə çarpır. Qida əlavələri kimi tövsiyə olunan dərmanlar var ki, həkimlər bəzən onları da təyin edir. Elə xəstəlik var, onun müalicəsində 1 dənə də qida əlavəsinə ehtiyac yoxdur. 3-4 dərman preparatı müalicə üçün kifayət edir. Amma həkim xəstənin maddi durumunu nəzərə ala bilmir çox zaman. Konkret xəstəliyin müalicəsində istifadə edilməli dərmanlar var ki, onlar yazılmalıdır və müalicə müddətində qəbul edilməlidir. Belə olan halda, həkim bu preparatları xəstəyə təyin etməlidir, bu zaman maddi durumu nəzərə almaq ikinci plana keçir. Xəstə sağalmalıdır. Amma əlbəttə ki, əlavə preparatlar, xəstəliyin müalicəsində vacib olmayan, hətta gərəksiz olan, məsələn, hansısa qida əlavələrini faydasız yerə pasiyentə təyin etmək olmaz. Həkimlər bunu nəzərə almalıdır və yalnız müalicə üçün faydalı olacaq dərman preparatlarını təyin etməlidirlər. Ona görə də biz təkid edirik ki, bir sıra vacib, əhəmiyyətli dərman preparatları da icbari tibbi sığortaya daxil edilsin, onların dəyəri dövlət hesabına ödənsin ki, pasiyentlərin üzərinə ağır maddi yük düşməsin.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, dərman bazarıyla bağlı dövlətin 2 ana xətti olmalıdır:

- Birincisi, təhlükəsizlik, ikincisi, bazarda rəqabət mühitinin formalaşmasına şərait yaratmaq. Dərman vasitələrinin qiymətlərinin, həmçinin keyfiyyətinin, əlçatanlığının təmin edilməsi üçün ayrıca sənədə ehtiyac da yoxdur. Bir neçə vacib addımın atılması yetərlidir ki, bu problemlər avtomatik həllini tapsın. Millət vəkilləri özləri bu problemi həll edə bilər. Dərman preparatlarının ölkəyə gətirilməsinə tətbiq olunan ƏDV-ni ləğv etsinlər. Bu, parlamentin səlahiyyətindədir. Dərman preparatlarının idxalına tətbiq edilən ƏDV ləğv olunarsa, dərmanların qiyməti ucuzlaşacaq. Dərmanların qiymətində artım bu məsələ Tarif Şurasına tapşırıldıqdan sonra baş verdi. Tarif Şurasının qiymət tənzimləmə mexanizmi yanlışdır. TŞ dərmanların qiymətini molekullara və istehsalçı ölkəyə görə tənzimləyir. Bu isə istehsalçının ucuz və keyfiyyətsiz molekullardan istifadə etməsinə “yol açır”, dərmanlar da keyfiyyətsiz olur, müalicə zamanı lazımi effekt əldə edilmir. Bazarda isə rəqabət mühiti olmadığından qiymət bahalığı baş verir. Qiymət siyasətində ən vacib tənzimləyici amil rəqabətdir. Tarif Şurasının qiymət tənzimləmə mexanizmi ləğv edilməli, müxtəlif dərman şirkətlərinin bazara daxil olmasına imkan verilməlidir. Xarici ölkələrdə dərman preparatları bizim ölkəyə nisbətən ona görə dəfələrlə ucuz və keyfiyyətlidir ki, orada sağlam rəqabət mühiti var. İstehsalçı bazara yüksək qiymətə dərman çıxara bilməz. Çünki istehlakçının ondan ucuz, amma keyfiyyət fərqi olmayan dərmanı başqa isethsalçıdan əldə etmək imkanı var. Bizdə dərman preparatlarının qiymətinin yüksək olmasının bir səbəbi də 96 faiz idxaldan asılı olmağımızdır. Özümüzün dərman istehsal edən müəssisələrimiz olmalıdır. Yerli istehsal olarsa, bazarda ucuzlaşma müşahidə ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
sherg.az

2Mənbələr