AZ

İctimaiyyətlə əlaqələrin əsasları haqqında fundamental tədqiqat

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Bakı Dövlət Universitetinin (BDU) birgə təşəbbüsü və layihəsi əsasında ərsəyə gətirilmiş “İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaiti bu sahənin nəzəri və praktiki məsələlərini əhatə edən fundamental əsərdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində hazırlanmış nəşrin müəllifləri Vüqar Əliyev (Zifəroğlu), Aynur Nəsirova, Xatirə Hüseynova, Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Afət Yaqubova, Vəli Əlibəyov, Yedgar Cəfərov, Zənurə Talıbova və Natiq Pənahlıdır.

Doqquz fəsildən ibarət kitabda ictimaiyyətlə əlaqələrin tarixi inkişafı, nəzəriyyələri və əsas prinsipləri geniş təqdim olunur. Müəlliflər dövlət və özəl sektorda auditoriyalarla münasibətlərin tənzimlənməsi üzrə strategiyaları, plan və proqramları, eləcə də böhran vəziyyətlərinin idarə olunması kimi aktual mövzuları əhatə ediblər. Mətbuatla əməkdaşlıq, press-relizlərin hazırlanması, sosial media ilə iş və digər praktik alətlər də dərs vəsaitində real nümunələrlə şərh olunur. Kitabda ictimaiyyətlə əlaqələr sahəsində yaranan yeni təmayüllər, o cümlədən rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi tədqiq edilib. Bu vəsait ali məktəblərdə jurnalistika, kommunikasiya və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələr, həmçinin piar sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub. Kitab qərarvericilər, jurnalistlər, influenserlər, rəy liderləri, marketoloqlar, sosial media menecerləri, rəqəmsal analitiklər, kontent yaradıcılığı üzrə mütəxəssislər üçün də faydalı olacaq.

Nəşrin elmi redaktoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru iqtisad elmləri doktoru professor Vüsal Qasımlının fikrincə, bu dərs vəsaiti təkcə akademik bilik bazasının genişləndirilməsi məqsədi daşımır, həm də sürətlə dəyişən kommunikasiya mühitində real praktiki bacarıqların formalaşmasına töhfə verməyi hədəfləyir. Müasir kommunikasiya texnologiyalarının, xüsusilə süni intellektin informasiya axınını formalaşdırmaq və analiz etmək gücü ictimaiyyətlə əlaqələr mütəxəssislərindən yeni bacarıqlar və daha çevik yanaşmalar tələb edir.

Dərs vəsaitində ictimaiyyətlə əlaqələr strategiya kimi qəbul edilir və onun bütün komponentləri, o cümlədən strateji baxış, məqsəd, hədəf, auditoriyanın təhlili, piarın yol xəritəsinin müəyyənləşdirilməsi, monitorinq və qiymətləndirmə kimi komponentlər üzrə yanaşmalar təqdim olunur.

Professor Vüsal Qasımlı qeyd edir ki, kitabda piarın reaktiv deyil, proaktiv fəaliyyət sahəsi kimi təqdim olunması xüsusi diqqətəlayiqdir: “Böhran kommunikasiyası anlayışı, onun mərhələləri və idarəetmə üsulları da geniş şəkildə izah edilir. Eyni zamanda, ictimaiyyətlə əlaqələrin əsas prinsipləri – sosial məsuliyyət, ictimai hesabatlılıq, düzgünlük, şəffaflıq və inam kimi dəyərlər dərindən təhlil olunur. Bu çərçivədə PRSA (Public Relations Society of America), CIPR (Chartered Institute of Public Relations) və ICCO (International Communications Consultancy Organisation) kimi qurumların etik kodekslərinə də istinad edilib”.

Dərs vəsaitində ictimaiyyətlə əlaqələr sahəsində Azərbaycan təcrübəsi də uğurla təqdim olunur. Azərbaycanın media mühiti, sosial tendensiyaları və biznes praktikaları kontekstində verilən yerli nümunələr bu sahənin milli kimliklə necə uzlaşdırıldığını göstərir və yerli peşəkarlar üçün praktiki istiqamət formalaşdırır. Beləliklə, bu kitab tarix və müasirliyi, nəzəriyyə və təcrübəni, adi və böhran kommunikasiyasını, həmçinin beynəlxalq və yerli perspektivi sintez edən çoxşaxəli bir mənbədir. Yeni informasiya dövrünün çağırışlarına cavab vermək üçün hazırlanan bu vəsait həm lokal, həm də qlobal trendlərlə ayaqlaşmaq istəyən hər kəs üçün dəyərli bələdçi olacaq.

Kitabın rəyçiləri BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri filologiya elmləri doktoru professor Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri filologiya elmləri doktoru professor Qulu Məhərrəmli, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri siyasi elmlər doktoru professor Vüqar Rəhimzadə, Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC Biznes Məktəbinin direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru Vüsal Kərimlidir.

Nəşrin məsləhətçisi və “Ön söz”ün müəllifi Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar mədəniyyət işçisi Rəşad Məciddir. Onun fikrincə, bu kitab piar sahəsində ilkin addımlarını atmağa başlayan hər kəs üçün etibarlı bələdçi kimi hazırlanıb: “Kitabı hazırlamış müəlliflər təkcə qlobal piar təcrübələrinə deyil, Azərbaycan reallığında formalaşan yanaşmalara da diqqət yetiriblər. Müxtəlif başlıqlar altında həm klassik, həm müasir təcrübələr təqdim olunub. Ümid edirik ki, bu kitab öz oxucuları üçün sadəcə dərs vəsaiti deyil, həm də peşəkar inkişaf yolunda mühüm bir başlanğıc olacaq”.

Dərs vəsaitinin redaktorları Yedgar Cəfərov və Türkay Verdiyevadır.

Layihənin koordinatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbovadır.

Kitabın yazılmasında piar mütəxəssisi Nicat Abdullayev, BDU-nun doktorantı Günel Qəribova, Ankara Hacı Bayram Veli Universitetinin doktorantı Ümüd Orucov iştirak ediblər.

Dərs vəsaiti Bakı Dövlət Universitetinin Elmi şurasının 2025-ci il 26 may tarixli iclasının qərarı ilə təsdiq edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
azertag.az

2Mənbələr