Kiyev artıq təlim üçün hərbçilərini xaricə göndərmir. Vəziyyət dəyişib. Ukrayna indi xarici mütəxəssisləri təlim keçmək üçün ölkəsinə dəvət edir.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Britaniyanın Sky News telekanalına danışıb.
Prezident qeyd edib ki, münaqişənin başlanğıcından Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti Baltikyanı ölkələr, Böyük Britaniya, Polşa, ABŞ və Şimali Avropa ölkələrinə göndərilib. Lakin hərbi əməliyyatların başlamasından cəmi bir il sonra Kiyev bu formatın artıq effektiv olmadığı qənaətinə gəlib. Hərbçilər qayıtdıqdan sonra ölkə daxilində yenidən təlim keçiblər.
“İndi, bu müharibənin üç il yarımından sonra, biz hərbçilərimizi heç yerə göndərmirik. Əksinə, biz başqa ölkələrdən zabitləri və nümayəndələrini bura təlim keçməyə dəvət edirik... Bəziləri gəlir”, - Zelenski bildirib.
Bununla belə, dövlət başçısı təlim keçmiş əcnəbilərin Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşmək üçün burda qalıb-qalmayacağını dəqiqləşdirməyib.
Mart ayında Ali Radanın deputatı Anna Skoroxod bəyan etmişdi ki, xaricə təlim keçmək üçün göndərilmiş bir çox Ukrayna hərbçiləri döyüş əməliyyatlarında iştirak etmək istəmədikləri üçün vətənə qayıtmırlar.
Bəxtiyar CƏFƏRLİ