AZ

Süni intellektlə danışıb intihar etdilər-ailələr şirkəti məhkəməyə verdi

ABŞ-də üç uşaq ailəsi, süni intellekt söhbət tətbiqi Character.AI-nin yaradıcısı Character Technologies Inc. və Google-a qarşı məhkəmə iddiası qaldırıb. Ailələr övladlarının intihar və ya intihar cəhdi prosesində tətbiqin rol oynadığını iddia edirlər.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, dava Colorado və Nyu-York ştatlarında açılıb. İddiada, chatbotların uşaqları ailələrindən uzaqlaşdırdığı, emosional manipulyasiya etdiyi və bəzən cinsi xarakterli yazışmalara yol verdiyi qeyd olunur. Məsələn, 13 yaşlı Juliana Peralta intihar etməzdən əvvəl həftələrlə bu tip söhbətlər aparıb, lakin heç bir dəstək almayıb.

Şirkətlər isə ittihamlara cavab veriblər. Character.AI “istifadəçilərin təhlükəsizliyinə böyük önəm verdiyini” bildirərək əlavə qoruyucu tədbirlər üzərində işlədiyini açıqlayıb. Google isə Character.AI ilə ayrı şirkət olduqlarını və modelin idarəsində iştirak etmədiklərini vurğulayıb.

Hadisə fonunda ABŞ Senatında valideynlər süni intellektin riskləri barədə ifadə verib, Psixoloqlar Assosiasiyası isə gəncləri qorumaq üçün təcili addımlar atılmasının vacibliyini bildirib. Bundan əlavə, Federal Ticarət Komissiyası (FTC) Google, Meta, OpenAI və digər şirkətlər də daxil olmaqla yeddi texnologiya nəhəngi barədə araşdırma başladıb.

Artan məhkəmə iddiaları və ictimai narazılıq süni intellekt tətbiqlərində daha sərt təhlükəsizlik standartları və dövlət tənzimləmələri tələblərini gücləndirib.

Nuriyyə NATİQQIZI

Seçilən
42
1
redaktor.az

2Mənbələr