AZ

Tarixi Qələbədən dövlət suverenliyinin tam bərpasına gedən yol ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

Qırx dörd günlük İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 illik işğala son qoydu, tarixi ədalət bərpa edildi. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında şanlı Qələbəmizdən bəhs edərkən bu mühüm məqamı da xüsusi qeyd edir ki, müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı.

Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına diqqət yetirsək bu gerçəkliyi görürük ki, 2020-ci il noyabrın 10-da imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, məsələlərin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 2020-ci ildən sonrakı 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövrün bütün xronoloji məqamları Azərbaycanın mövqeyinin ədalətli olduğunu, beynəlxalq hüququn normalarına əsaslandığını bir daha təsdiqləyir. Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirdilər. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmadı, hətta əlavə silah-sursat, minalar göndərib ölkəmizə qarşı mina terrorunu davam etdirdi.

Antiterror əməliyyatı qaçılmaz idi. Zəfər qazandığımız Vətən müharibəsindən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş verdi. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ci ilin oktyabr ayında bunu bəyan edən Ermənistan digər tərəfdən ölkəmizə qarşı ərazi iddialarından əl çəkmirdi. Bu vəziyyətdə antiterror tədbirlərinin həyata keçirilməsi qaçılmaz idi. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur oldular. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Azərbaycan dövlət suverenliyini bütün ərazilərində tam bərpa etdi.

Vüqar Rəhimzadə xatırladıb ki, aparılmış qısamüddətli lokal xarakterli antiterror əməliyyatı nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdı. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri yerləşdirilmişdi. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdı. Separatçıların Qarabağda qeyri-qanuni fəaliyyətlərinə qarşı Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və eko-fəalların Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirildi. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdu. Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 2023-cü il aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına cavab olaraq aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə şərti sərhəddə “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi quruldu.

Milli Məclisin deputatı bir daha diqqəti antiterror əməliyyatına yönəldərək bildirib ki, hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qısa müddətdə bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdi ki, aparılan antiterror əməliyyatı nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuşdur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilmişdir. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanından müraciətində bu çağırışı etdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
9
azertag.az

10Mənbələr