AZ

Azərbaycanda bu sahədə vergidən azadolmaların müddəti artırılır

Mənfəət, əmlak və torpaq vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir.

Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət 2025-ci il yanvarın 1-dən 6 il müddətinə mənfəət vergidən azad ediləcək.

Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına və torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak və torpaq vergisini ödəməkdən azad ediləcək.

Bununla yanaşı, “Gömrük tarifi  haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2030-cu ilədək gömrük rüsumlarından azad ediləcək.

Layihədə bildirilib ki, Bakı Gəmiqayırma Zavodu tərəfindən sifarişçilərə təqdim olunmuş və inşası hazırda davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzəşt və azadolmalar əsas götürülməklə tərtib olunduğunu və Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzəşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq sözügedən müddətin 2030-cu ilədək uzadılmasına zərurət yaranıb.

Layihənin qüvvəyə minəcəyi təqdirdə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmalar (mənfəət, əmlak və torpaq vergisindən azadolma) 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinədək) əhatə edəcək. Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti “Gömrük tarifi haqqında” Qanununa təklif olunan dəyişikliyə əsasən uzadılacaq.

Seçilən
12
11
adalet.az

10Mənbələr