“TikTok”un ABŞ aktivlərini “Oracle”, “Andreessen Horowitz” və özəl investisiya şirkəti “Silver Lake Management”in daxil olduğu konsorsium alacaq. Bu barədə “Bloomberg” yazır.
Qeyd olunur ki, sentyabrın 15-də ABŞ və Çin yüksək vəzifəli rəsmiləri Madriddə iki günlük danışıqlardan sonra “TikTok”un ABŞ versiyasının yaradılmasını nəzərdə tutan razılaşma təqdim ediblər. Bu həftə sənəd ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən müzakirə olunacaq.
Agentlik diqqət çəkir ki, əgər sövdələşmə tamamlanarsa, bu, “Pekin və Vaşinqton arasındakı mürəkkəb münasibətləri həll edəcək və Çinin ən bahalı özəl şirkətinin taleyini müəyyənləşdirməyə kömək edəcək”.
Sentyabrın 16-da Tramp “TikTok”un ABŞ-də bloklanması və ya satışı üçün müddəti dekabrın 16-dək uzadıb. Bu, dördüncü dəfədir baş verib. ABŞ lideri həmçinin Çinlə “TikTok” üzrə razılaşmaya gəldiyini və sentyabrın 19-da Si ilə danışacağını bildirib.
Avqustun sonunda Tramp bildirmişdi ki, Si ilə görüş uyğun vaxtda keçiriləcək. O, “TikTok”u Çin şirkəti “ByteDance”dən almağa hazır “ciddi amerikalı alıcılar” olduğunu qeyd edib və məhz bu mövzunu Si ilə müzakirə etmək istəyib.