AZ

Direktor müavini müəllimlərin vahid formasına qarşı çıxdı: Tərəfdarı deyiləm!

“Son günlərdə müəllimlər üçün vahid geyim məsələsi müzakirə olunur. Mən hazırda təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra etsəm də, bu mövzuya ilk növbədə 8 ildir ucqar kənd məktəblərindən tutmuş Aran bölgələrinə qədər çalışan bir müəllim kimi yanaşıram.

Mən müəllimlərin vahid forma geyinməsinin tərəfdarı deyiləm. Çünki düşünürəm ki, müəllim üçün əsas şərt səliqəli və işgüzar üslubda geyinməkdir. Müəllim obrazının ciddiyyəti və hörməti uniforma ilə deyil, onun biliyi, mədəniyyəti və davranışı ilə formalaşır”.

Modern.az-ın məlumatına görə, bu fikirləri sosial şəbəkədə ümumtəhsil müəssisəsənidə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan Zeynəb Məmmədli bildlrlb,

“Çox zaman digər peşələri misal gətirirlər: polis, həkim və ya hərbçi uniforma geyinir. Amma burada mühüm bir fərq var. Onların iş mühiti dəyişkəndir, qarşılarına hər gün müxtəlif insanlar çıxır. Hətta uniformalarını əynindən çıxardıqda, ətrafdakılar onların hansı peşə sahibi olduğunu dərhal anlaya bilmir. Müəllimlik isə tam fərqlidir: bu peşədə olduğun məkandan, geyindiyin formadan asılı olmayaraq, qarşılaşdığın ilk sual çox vaxt belə olur – “Siz nə müəllimisiniz?”. Bu unikallıq müəllim peşəsinin sosial tanınmasını göstərir və eyni zamanda uzunmüddətli iş şəraitində geyim seçiminin əhəmiyyətini ortaya qoyur.

Hər şagirdin özünə bir nümunə götürdüyü müəllimi seçdiyinin də şahidi olmuşam. Hətta öz məktəb illərimdə belə, ən çox sevdiyimiz müəllimlər hər gün eyni geyimlə gələnlər deyil, daha çox fərqli, zövqlü və səliqəli geyinən müəllimlər olurdu. Mənim məktəb illərimdə bir ağbirçək müəlliməmiz var idi; yaşının çoxluğuna baxmayaraq, onun geyimlərinin səliqəsinə, ayaqqabısından tutmuş, saçlarını örtdüyü şalına qədər hər detalın bir-birini tamamlaması həm ciddi, həm də zövqlü görünürdü. Ona baxıb “mən də riyaziyyat müəllimi olacağam” deyə düşünürdüm və oldum da. Belə nümunələr şagirdlər üçün motivasiya mənbəyi olur və onların peşəyə marağını artırır”, - Z.Məmmədli qeyd edib.

Bununla yanaşı, o, bəzən müəllimlərin geyimlə bağlı sərhədləri qarışdırdığını da etraf edib:

“Əlbəttə, bəzən olur ki, müəllimlər məktəb ilə sərbəst geyimin sərhədini qarışdırır, alabəzəkliyə, hədsiz diqqət çəkən aksesuarlara, çox hündür dabanlı və ya idman üslubunda kobud ayaqqabılara üstünlük verirlər. Mən bunu düzgün hesab etmirəm. Qeyd etdiyim kimi, düşünürəm ki, müəllimin geyim tərzi olmalıdır, geyim forması yox!

Rəhbər vəzifədə çalışdığım məktəbdə də bu mövzunu kollektivimizin ixtiyarına verərək, pedaqoji şurada geniş müzakirə etdik. Verdiyimiz ortaq qərara görə, yalnız tədbir və iclaslarda, xüsusi günlərdə dress code olaraq ağ-qara geyim tətbiq edilir. Sıravi dərs günləri üçün isə işgüzar üslubda nümunələr və rənglər seçilmiş, müəyyən çərçivə yaradılmış və o çərçivədən çıxmadan sərbəst geyim tərzi tətbiq olunur. Bu yanaşma həm səliqəli görünüş təmin edir, həm də müəllimlərə yaradıcılıq və fərdilik imkanı verir; nəticədə olduqca uğurlu alınıb.

Müəllim hər gün eyni sinif otağına daxil olur, eyni şagirdlərlə aylarla, illərlə qarşı-qarşıya gəlir. Bu qədər uzunmüddətli eynilik həm müəllimin əhvalına mənfi təsir göstərə, həm də şagirdlər üçün monoton bir mühit yarada bilər. Uşaqlar üçün müəllim sadəcə bilik verən deyil, həm də bir nümunədir. Əgər onlar 6–7 akademik saat boyu yalnız geyimi ilə fərqlənən eyni “model” müəllim obrazı görsələr, bu da psixoloji baxımdan onların qavrayışına təsir edəcək, monotonluğu gücləndirəcək. Halbuki fərqli, amma səliqəli və işgüzar geyim müəllimin xarakterini, zövqünü və həyatsevərliyini də əks etdirir.

Müəllimlik yaradıcılıq peşəsidir. Yaradıcılıq isə eyniliklə deyil, azadlıq və fərdiliklə inkişaf edir”.

Seçilən
17
1
modern.az

2Mənbələr