"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər. Nəticədə bizim camaatla bağlılığımıza, onların sullarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib. O bildirib ki, nazirlərin heç birinin fəaliyyət tempi Prezidentin tempinə uyğun gəlmir:
"Xalqla üz-üzə qalan, yaxası əldə olan deputatdır, nə nazir, nə komitə sədri, nə də başqası deyil. Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən. Siz deputatdan da keyfiyyətli və səmərəli şəraitə maliksən, niyə cavab vermirsən? Onlar da deyir ki, işimiz çoxdur. Axı sizin köməkçiniz var. Axşam qayıdıb gələndə sənə zəng edən adamların, o cümlədən deputatların adını görürsən. Bəs bu köməkçilər nədən ötrüdür? Zəng edin görün deputat nə istəyir? Bunu edə bilərsən. Milli Məclisin plenar iclaslarının birində onların adını çəkəcəm. Bizim hamımız xalqa görə nazirik, deputatıq, icra başçısıyıq və s. Sovet dövründən qalma bivec ənənə var. Məktuba bir ay ərzində cavab verirlər. Qərar qəul edək ki, Azərbaycanda məktublara 10 gün ərzində cavab versinlər".
Anar Kəlbiyev