AZ

Səhiyyədə bərabərlik: qanun nə deyir, reallıq nədir?

İnsan rifahının əsas göstəricilərindən biri olan sağlamlıq, həm fərdi, həm də ictimai səviyyədə sosial inkişafın mühüm şərti hesab olunur. Bu baxımdan səhiyyə xidmətlərinin əlçatanlığı, keyfiyyəti və bərabər şəkildə bölüşdürülməsi dövlət siyasətinin prioritet istiqamətləri sırasında dayanır. Dünyada olduğu kimi, Azərbaycanda da sosial-iqtisadi inkişaf, əhali qrupları arasında fərqlərin aradan qaldırılması və regionların balanslı inkişafı məsələləri sağlamlıq hüququnun reallaşdırılması ilə birbaşa bağlıdır. Xüsusilə aztəminatlı ailələrin və ucqar kənd əhalisinin tibbi xidmətlərdən yararlanma imkanları mövcud vəziyyətin təhlilini və yeni həll yanaşmalarının tətbiqini zəruri edir.

Mövzu ilə bağlı Operativ Media-ya danışan hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, sağlamlığın qorunması hüququnun müdafiəsi müasir beynəlxalq hüququn da ən aktual problemlərindən biri kimi çıxış edir:

"İnsan hüquqları üzrə beynəlxalq qanunvericilik sağlamlığın qorunması üzrə təmin olunmuş hüququn obyekti kimi “sağlamlıq vəziyyətinin nail olunmuş ən yüksək səviyyəsi”nə istinad edir. Sağlamlığın qorunması sahəsində insan hüquqlarını təsbit edən beynəlxalq sənədlər iştirakçı dövlətlərin üzərinə (sosial, iqtisadi, inzibati və digər xarakterli tədbirlər də daxil olmaqla) bu hüququn səmərəli təmin edilməsi mexanizmlərindən istifadə üzrə öhdəliklər qoyur.

Bu sahədə ölkəmizin də müvafiq öhdəliləri var və bu öhdəliyin nəticəsidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunub və bu qanunla qorunur".

O bildirib ki, bütün bunlara baxmayaraq ölkəmizdə aztəminatlı ailələrin və ucqar kəndlərdə yaşayan insanların sağlamlıq hüququnun təmin olunmasında bir sıra sistemli və praktik problemlər mövcuddur:

Əsas istiqamətlər üzrə bunları qeyd etmək olar:

● Maliyyə imkanlarının məhdudluğu – dərmanların, müayinələrin və müalicələrin xərcləri aztəminatlı ailələr üçün çox vaxt əlçatmazdır.

Sığortanın qeyri-bərabər tətbiqi – icbari tibbi sığorta hələ də bütün bölgələri tam əhatə etmir və bəzi xidmətlər paketin xaricində qalır.

Əlavə xərclər – yol pulu, analizlərin ödənişi, əlavə prosedurların qiyməti ucqar kənd sakinləri üçün böyük yük yaradır.

Tibb müəssisələrinin çatışmazlığı – ucqar kəndlərdə tibb məntəqələri ya yoxdur, ya da lazımi avadanlıq və kadrlarla təmin olunmayıb.

Keyfiyyət fərqi – şəhərlə kənd arasında xidmət keyfiyyətində ciddi uçurum var. Rayon mərkəzlərindən kənarda müasir tibbi texnika, laboratoriya və təcili yardım xidmətləri məhduddur.

Nəqliyyat çətinlikləri – xəstəxana və poliklinikalara çatmaq üçün uzun məsafə qət etmək tələb olunur, yolların vəziyyəti isə bu prosesi daha da çətinləşdirir.

Həkimlərin bölgələrdə işləmək istəməməsi – ixtisaslı kadrlar əsasən böyük şəhərlərdə cəmlənir.

Aşağı motivasiya və maaşlar – ucqar yerlərdə işləyən tibb işçilərinin sosial təminatı və maaşları hələ də qeyri-kafi hesab olunur.

Davamlı təhsil və peşəkar inkişaf imkanlarının azlığı – bölgə həkimləri yeni tibbi texnologiya və müalicə metodlarına çıxışda çətinlik çəkirlər.

● Səhiyyə savadlılığının aşağı səviyyəsi – əhali çox vaxt vaxtında həkimə müraciət etmir, profilaktik tədbirlərə əhəmiyyət vermir.

İnformasiya bərabərsizliyi – aztəminatlı ailələr tibbi xidmətlər, sığorta imkanları və sosial dəstək proqramları haqqında lazımi məlumatı almırlar.

Resurs bölgüsündə qeyri-bərabərlik – səhiyyə xərclərinin böyük hissəsi mərkəzi şəhərlərə yönəlir.

Monitorinq və nəzarətin zəifliyi – ucqar bölgələrdə tibbi xidmətlərin keyfiyyətinə dair effektiv nəzarət mexanizmləri tam formalaşmayıb.

Sosial proqramların məhdudluğu – aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəştlər və pulsuz tibbi xidmətlər çox vaxt kağız üzərində qalır və praktiki icrada çətinliklər yaranır.

Hüquqşünas qeyd edib ki, həm iqtisadi çətinliklər, həm də infrastruktur və kadr çatışmazlığı aztəminatlı və ucqar kənd əhalisinin sağlamlıq hüququnu məhdudlaşdırır: "Problemin həlli üçün dövlətin resurs bölgüsünü balanslaşdırması, icbari tibbi sığortanın əhatəsini genişləndirməsi və hədəfli sosial proqramları gücləndirməsi vacibdir".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Operativ Media-ya verilən məlumata görə, TƏBİB üçün əhalinin müxtəlif qruplarının, o cümlədən aztəminatlı təbəqələrin və ucqar kəndlərdə yaşayan insanların səhiyyə xidmətlərinə bərabər çıxışının təmin olunması əsas prioritetlərdən biridir:

"Bu istiqamətdə aparılan təhlillər göstərir ki, ilkin tibbi-sanitariya yardımının mövcud idarəetmə strukturu, maliyyələşməsi, kadr potensialı və maddi-texniki bazasının təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

İlkin səhiyyə sistemi üzrə konsepsiyaya əsasən, əhalinin ehtiyaclarına uyğun keyfiyyətli tibbi xidmətlərə bərabər qaydada və əlavə maliyyə yükü olmadan əlçatanlığı təmin edəcək dayanıqlı ilkin tibbi-sanitariya yardımının formalaşdırılmasını nəzərdə tutur. Bu məqsədlə 2030-cu ilə qədər əhaliyə əhatəli, davamlı və koordinasiyalı səhiyyə xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Hazırda səhiyyə sistemində kadr ehtiyaclarının optimallaşdırılması, bölgələr üzrə balanslı şəkildə yerləşdirilməsi, tibbi personalın bilik və bacarıqlarının artırılması, eyni zamanda yeni peşəkar kadrların hazırlanması istiqamətində işlər aparılır. Bununla yanaşı, əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını artırmaq üçün yaşayış məntəqələrinə yaxın, müasir standartlara cavab verən tibb müəssisələrinin infrastrukturunun yaradılması, onların zəruri avadanlıq, dərman vasitələri, tibbi ləvazimatlar və fasiləsiz texniki təchizatla təmin olunması həyata keçirilir.

Eyni zamanda tele-tibb və digər innovativ üsullar vasitəsilə xidmətlərin əlçatanlığının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və resurslardan daha səmərəli istifadə edilməsi üçün rəqəmsal həllərin tətbiqi genişləndirilir. Bu yanaşma pasiyentlərin, tibb mütəxəssislərinin və səhiyyə idarəçilərinin sübutlara əsaslanan qərarvermə prosesində daha effektiv iştirakını təmin edəcək.

Dövlət dəstəyi ilə həyata keçirilən bu tədbirlər nəticəsində ölkənin bütün regionlarında əhalinin səhiyyə xidmətlərinə bərabər çıxış imkanlarının daha da yaxşılaşdırılması nəzərdə tutulub və hər bir vətəndaş üçün keyfiyyətli tibbi xidmətlərin əlçatan olması təmin ediləcəkdir".

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə​​​​​​ insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqaməti üzrə hazırlanıb.

Şəfa Hüseynli

Seçilən
9
1
operativmedia.az

2Mənbələr