AZ

Qətərdən Netanyahuya sərt xəbərdarlıq: Hücumun cavabı veriləcək!

Qətər İsrailin baş naziri Binyamin Netanyahunun Dohaya qarşı hava hücumunu əsaslandırmaq cəhdlərini tənqid edərək, onun beynəlxalq hüququ pozmağa davam etməsinin mümkün olmadığını bəyan edib.

Turkustan.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohada keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, Netanyahu Qətərə qarşı hücumun uğursuz olmadığını və bu hücumun “bir mesaj” xarakteri daşıdığını iddia etsə də, bu, yalnız onun uğursuzluqlarını əsaslandırmaq cəhdidir.

“İsrail baş nazirinin düşüncəsiz siyasətləri nəticəsində yaşadığı hər uğursuzluqdan sonra bu cür bəhanələrlə çıxış etməsinə artıq öyrəşmişik. Onun göndərdiyi ‘mesaj’ bu şəkildə gəldi”, – deyə, Ənsari qeyd edib.

Netanyahunun iddialarına cavab olaraq Ənsari əlavə edib: “Biz də ona aydın şəkildə bildirmək istəyirik ki, beynəlxalq hüququ pozaraq cavabsız qala bilməz.”

Sentyabrın 15-də Dohada keçirilən fövqəladə Ərəb-İslam sammitinə toxunan Ənsari, bu toplantının Qətərə edilən hər hansı hücumun ərəb və İslam dünyası tərəfindən qəbuledilməz olduğuna dair açıq mesaj verdiyini vurğulayıb.

Əlavə olaraq, Körfəz Əməkdaşlıq Şurasının həmin gün keçirilmiş fövqəladə liderlər toplantısında qəbul olunan bəyanatın, İsrailin hücumuna qarşı konkret tədbirlər nəzərdə tutduğunu və bunun ciddi beynəlxalq əks-səda doğurduğunu bildirib.

Qəzza zolağında atəşkəs üçün Qətərin vasitəçilik cəhdlərinə də toxunan Ənsari, bu mərhələdə real irəliləyişin mümkün olmadığını deyib: “Xüsusilə də İsrailin baş naziri vasitəçilik edən ölkəni bombalamaq və danışıqlara cəlb olunan hər kəsi öldürmək niyyətində olduğu halda.”

Sonda Nazirliyin sözçüsü bildirib ki, Qətər hazırda diqqətini öz milli suverenliyini qorumağa, İsrailin “xain hücumuna” cavab verməyə və bunun təkrar baş verməməsi üçün bütün zəruri tədbirləri görməyə yönəldib. O, eyni zamanda hücuma görə məsul olan şəxslərin cavabdehliyə cəlb olunmasının vacibliyini də vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
8
1
turkustan.az

2Mənbələr