AZ

İşsizlərin sayı azı 6 faiz çoxaldı - 237 min işsiz...


Akif Nəsirli: “İşsizliyin yüksəlməsi sadəcə iqtisadi geriləmə ilə deyil, həm də struktur, mövsümi və sosial amillərin üst-üstə düşməsi ilə bağlıdır”

Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında 2025-ci il sentyabr ayının 1-nə qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min nəfər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% çoxdur. Dövlət Statistika Komitəsinin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində qeyd edilib ki, onların 50.1 faizini qadınlar təşkil edib. Bundan başqa, iyul ayı ilə müqayisədə avqustda işsizlərin sayı 2,5% və ya 5,7 min nəfər artıb.

Məlumat üçün bildirək ki, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436.7 manat olub.

Açıqlanan rəqəmlərdən də bəlli olur ki, Azərbaycanda işsizlik artıb. İşsizliyin artmasının səbəbi nə ilə bağlıdır?

“İşsizliyi azaltmaq üçün sadəcə müavinət vermək kifayət deyil, əsas hədəf yeni iş yerlərinin yaradılması və işçi qüvvəsinin bacarıqlarının bazara uyğunlaşdırılmasıdır”

Iqtisadçı Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, işsizliyin artmasının bir neçə əsas səbəbi var: “Bu yüksəliş həm daxili, həm də xarici amillərlə bağlıdır. İnflyasiya və alıcılıq qabiliyyətinin azalması müəssisələrin istehsal xərclərini artırır, istehsalın genişləndirməsini əngəlləyir, ondan da dolayı yeni iş yerlərinin açılması çətinləşir. Yəni istehsalçı məhsulunu sata bilmirsə, necə istehsalı genişləndirib yeni işçi işə götürə bilər? Bu halda əksinə, ixtisarlar gedir. İxrac bazarlarında qeyri-sabitlik hökm sürür. Ona görə də xarici bazarlara bağlı sektorlarda da azalma müşahidə olunur. Kreditləşmənin bahalaşması səbəbindən kiçik və orta biznes (KOB) genişlənə bilmir, nəticədə məşğulluq imkanları məhdudlaşır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, təhsil və əmək bazarı arasında uyğunsuzluq mövcuddur. Gənclərin ixtisası ilə mövcud iş yerləri arasında mütənasiblik yoxdur: “Kənd təsərrüfatı və xidmət sahəsində mövsümlük təbii haldır. Kənd yerlərində yay mövsümündən sonra işsizlik statistikaya öz təsirini göstərir. Avtomatlaşdırma və rəqəmsallaşma inkişaf göstəricisi sayılsa da, bu, işsizliyin artmasına vəsilə olur. Bəzi sahələrdə insan əməyinə tələbat azalır. Böyük şəhərlərdə işçi çoxluğu var. Regionlardan Bakıya və digər iri şəhərlərə miqrasiya işsizlik göstəricilərini şişirdir.

Həmçinin, qlobal iqtisadi qeyri-müəyyənlik (Rusiya-Ukrayna müharibəsi, enerji bazarındakı dəyişikliklər) ixrac və investisiyalara mənfi təsir göstərir. Bununla yanaşı, miqrantların geri dönüşü, xaricdə işləyən bəzi şəxslərin geri qayıtması da bu göstəricini artırır. Yəni işsizliyin yüksəlməsi sadəcə iqtisadi geriləmə ilə deyil, həm də struktur, mövsümi və sosial amillərin üst-üstə düşməsi ilə izah olunur”.

Ekspert hesab edir ki, işsizliyin azaldılması üçün bir neçə istiqamətdə siyasət və tədbirlər tətbiq oluna bilər: “İlk növbədə KOB-lara dəstək verilə bilər. Kreditlərin faiz dərəcələrinin aşağı salınması, vergi güzəştləri, dövlət sifarişlərinin bir hissəsinin kiçik müəssisələrə yönəldilməsi iş yerlərinin artmasına səbəb olar. İnvestisiya təşviqi – həm yerli, həm də xarici sərmayəçilər üçün sabit və şəffaf mühit yaradılmalıdır. Regionlarda sənaye zonaları və aqroparkların genişləndirilməsi vacibdir. Yeni iş yerləri məhz paytaxtdan kənarda formalaşdırılmalıdır ki, bu həm də ölkədəki iqtisadi disbalansı aradan qaldırsın. Hazırda iqtisadiyyatın 90 faizi Bakı meqapolisində cəmləşib. Əmək bazarına uyğun kadr hazırlığı vacib amillərdən biridir. Universitet və kolleclərin proqramları real işçi tələblərinə uyğunlaşdırılmalıdır. Peşə təhsili və qısamüddətli kurslar işsizlər üçün dövlət subsidiyalı təlim proqramları təşkil edə bilər. Rəqəmsal bacarıqların inkişafı, xüsusilə gənclərin IT, proqramlaşdırma, onlayn xidmət sahələrində işləməsinə şərait yaratmaq olar. Dövlət sifarişli iş yerləri, infrastruktur layihələri (yollar, su-kanalizasiya, enerji xətləri) üzrə müvəqqəti, lakin kütləvi iş yerləri yaradıla bilər. İşsizlik müavinətləri ilə yanaşı aktiv məşğulluq proqramları - işsizlərin müavinət alarkən həm də təlimlərə cəlb olunması mümkündür. Gənclərə startap dəstəyi artırılmalı, qrant proqramları, inkubasiya mərkəzləri işə başlamalıdır. Kənd təsərrüfatında davamlı məşğulluq təmin edilə bilər. Məhsul emalı müəssisələrinin yaradılması (yəni sadəcə əkinçilik yox, həm də konserv, şirə, qablaşdırma zavodları) bu istiqamətdə çox əhəmiyyətli addım olardı. Turizm sektorunun inkişafı bölgələrdə qış-yay turizmi, kənd turizmi üçün iş yerləri yarada bilər. Qanuni miqrasiya razılaşmaları reallasdırıla bilər. Bəzi ölkələrlə əməkçi mübadiləsi sazişləri (məsələn, tikinti, kənd təsərrüfatı və ya xidmət sahəsində işçi göndərmək) imzalamaq olar. Onlayn distant iş imkanlarını genişləndirmək üçün freelancer və rəqəmsal iş bazarlarına inteqrasiya təşviq edilməlidir. Yəni işsizliyi azaltmaq üçün sadəcə müavinət vermək kifayət deyil, əsas hədəf yeni iş yerlərinin yaradılması və işçi qüvvəsinin bacarıqlarının bazara uyğunlaşdırılmasıdır”.

Günel CƏLİLOVA

Seçilən
48
baki-xeber.com

1Mənbələr