AZ

Zəfər tarixinin quruculuq səhifəsi

Prezident İlham Əliyev Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə bağlı xalqa müraciətində bildirmişdi ki, məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. Həmin müraciətdən ötən beş ilə yaxın dövrün reallıqları bu hədəfin artıq gerçəkləşdiyini təsdiqləyir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada yüksək yaşayış şəraitinin təmin edilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Böyük qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, müasir infrastruktur layihələri icra olunur, yeni yollar salınır,  istehsal müəssisələri yaradılır, məşğulluğun təmin edilməsi üçün lazım olan bütün zəruri tədbirlər görülür, bu torpaqlara qayıdış mərhələ-mərhələ gerçəkləşdirilir. Hazırda  Qarabağ və Şərqi Zəngəzura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır. "Otuz il xalqımız bu günləri böyük səbirsizliklə gözlədi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra artıq bu reallıqların şahidiyik. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar, müasir, eyni zamanda ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək", - deyə deputat əlavə edib.

Hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin sürətlə bərpa edildiyini vurğulayan V.Rəhimzadə deyib ki, bütün işləri öz daxili imkanları hesabına həyata keçirən dövlətimizin əsas hədəfi Böyük qayıdış proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün bu torpaqlara  qayıdışına nail olmaqdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər içərisində infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir, çünki infrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də bu torpaqlara  qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq. Bu torpaqlarda üç Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi azad olunmuş ərazilərin strateji əhəmiyyətinin təsdiqidir.

Bu il azad Qarabağın həyatında mühüm hadisələrdən birinin Laçın Beynəlxalq Hava Limanının  açılışının olduğunu xatırladan Vüqar Rəhimzadə bildirib ki, bu hava limanları Qarabağa və Şərqi Zəngəzura gediş-gəlişin asanlaşmasında əhəmiyyətli rol oynayır: "Həmçinin bu torpaqlarımız böyük turizm potensialına malikdir. Azad edilmiş ərazilərimizin yaxın zamanlarda böyük investisiyalar məkanına çevriləcəyi qaçılmazdır. Hər bir ərazinin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etmək prioritetlər sırasındadır. Dövlət başçısı İlham Əliyevin fərmanı ilə tarixi Zəfərimizin reallıqları əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsində, həmçinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiqlənməsində də məqsədlərdən biri məhz budur".

Deputat  2023-cü ilin 20 sentyabr tarixində suverenliyimizin tam bərpası ilə  Azərbaycanın yeni dövrə qədəm qoyduğunu qeyd edərək deyib ki, son iki ildə Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin dirçəldilməsi istiqamətində atılan addımların miqyasının genişliyi soydaşlarımızın bu torpaqlara qayıdışında da özünün aydın ifadəsini tapır. Bunun üçün dövlət başçısı İlham Əliyevin sentyabrın 14-də Xocalı, Xocavənd rayonlarına,  Xankəndi şəhərinə səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. 

V.Rəhimzadə bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür: "Dövlət başçısı Xocavənd rayonunun Sos kəndində, Qırmızı Bazar qəsəbəsində,  Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq, Badara   kəndlərində oldu, Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü. Səfər çərçivəsində dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardandır. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq".

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərinin qürurverici məqamlarından biri də doğma yurdlarına qayıdan sakinlərlə görüşü, bu məkanlardan dünənimizə baxış əsasında bu günümüz və gələcəyimizlə bağlı çağırışların səsləndirilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşü də diqqət çəkdi. "Doğrudan da tarixi günlər yaşayırıq" söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edilib. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. Böyük qayıdış proqramı da uğurla icra edilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillik yubileyini qeyd edəcəyik. Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir. Artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq. 

Deputat bildirib ki, bu gün Azərbaycanın sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınması, nüfuz qazanması, Vaşinqton zəfəri ilə dünyanın diqqətində olması özündə mühüm məqamları ehtiva edir: "Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olub. Hazırda imzalanması qaçılmaz olan sülh müqaviləsinin müəllifi də Azərbaycandır.  Prezident İlham Əliyev bu reallığı da bəyan etdi ki, son beş ilin tarixi  heç bir xarici qüvvənin bizim iradəmizə təsir edə bilmədiyini göstərdi. Çünki bizim işimiz haqq işidir".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr