AZ

Uşaqlarda adaptasiya problemini necə aradan qaldıraq? Psixoloq AÇIQLADI

ain.az, Milli.az saytına istinadən bildirir.

Yeni dərs ilinin başlaması ilə bir çox valideynləri narahat edən məsələlərdən biri də uşaqlarda məktəbə adaptasiya problemidir. Xüsusilə ilk dəfə məktəbə və ya bağçaya başlayan uşaqlarda bu vəziyyət daha qabarıq şəkildə özünü göstərir.  Birinci sinif şagirdlərinin bəziləri bu günü sevsə də, bəziləri üçün həyacan ve stressli gün kimi yadda qalır. Məhz bəzi uşaqların ağlaması da bundan irəli gəlir. 

Bəs uşaqlarda adaptasiya problemini necə aradan qaldıraq?

Milli.Az xəbər verir ki, bu məsələdə valideynlər qədər psixoloqların da töhfələri önəmlidir. 

Psixoloq Aynur İsmayılova bildirir ki, uşaqlar adətən 5 yaşın sonu və ya 6 yaşında məktəbə qədəm qoyurlar. Bu mərhələ artıq onların şəxsiyyətinin formalaşmağa başladığı dövr hesab olunur. Əgər bu zaman valideyn, müəllim və şagird arasında sağlam və düzgün bir əməkdaşlıq qurularsa, uşaqlar məktəb mühitinə daha rahat uyğunlaşa bilirlər. Belə olan halda, şagirdlərdə dərsə maraq artır, öyrənmək istəyi güclənir və nəticədə nə valideyn, nə də müəllim bu prosesdə çətinlik çəkir.

Psixoloqun sözlərinə görə, adaptasiya prosesi uşağın yaşına, psixoloji durumuna və ailədaxili münasibətlərə görə fərqli formada gedə bilər:

"Bəzi uşaqlar bir neçə günə uyğunlaşsa da, digərlərində bu müddət həftələrlə çəkə bilər. Məktəbə getmək istəməmək, səhərlər ağlayaraq oyanmaq, qarın və baş ağrısı kimi psixosomatik şikayətlər, aqressiv və ya içəqapanıq davranışlar, müəllim və ya sinif yoldaşlarına qarşı qorxu və narahatlıq bu problemin əlamətlərindəndir. Uşağı digər uşaqlarla müqayisə etmək, "başqaları gedir, sən niyə getmirsən?" demək onun psixoloji təzyiq altında qalmasına səbəb ola bilər. Uşağın qorxularını ciddiyə alın və onu sakitləşdirin. "Səni başa düşürəm, amma bu keçəcək" kimi ifadələr istifadə edin. Sinif rəhbəri ilə mütəmadi əlaqədə olmaq, uşağın məktəbdəki davranışlarını izləmək üçün faydalıdır. Yuxu, qidalanma və oyun saatlarını nizamlamaq uşağın emosional stabilliyini artırır. Uşaq üçün "bugün məktəbdə 1 saat qal" kimi mərhələli adaptasiya planı hazırlamaq onun özünəinamını gücləndirə bilər".

Məktəb psixoloqu bildirir ki, valideynlərin davranış tərzi bu dövrdə həlledici rol oynayır:

"Uşaq qorxur və bu qorxusunu ifadə edir. Valideyn isə ya panikaya düşür, ya da kobud reaksiya verir. Bu zaman uşaq daha da çətinlik çəkir. Səbirli olmaq və ona zaman vermək lazımdır. Adaptasiya problemi keçici bir mərhələdir və düzgün yanaşma ilə uşaq bu mərhələni rahatlıqla aşa bilər. Əsas odur ki, ona sevgi, anlayış və güvən hissi verilsin".

Aysel Əkbər

Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
news.milli.az

2Mənbələr