AZ

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Ermənilərin ölü kəndə çevirdiyi Aşağı Şipirxan" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik və Aşağı Şorca toponimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən, təxminən, 5 faizi Azərbaycan, rus və çarpazlaşmış, qarışmış oykonimlər istisna olmaqla qalan bütün yaşayış məntəqələrinin adları ucdantutma erməniləşdirilib.

Aşağı Çəmbərək - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonda kənd adıdır. Adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Kəndi XIX əsrdə rayondakı Çəmbərək kəndindən köçənlər salıb.

Aşağı Şipirxan - Loru mahalının Barana, sonralar Noyemberyan adlandırılan rayon ərazisində yaşayış məskənidir. 1930-cu illərdə azərbaycanlılar bu kənddən köçürülüb və kənd ləğv edilib.

Aşağı Şəhərcik - Zəngəzur mahalının Qafan rayonu ərazisində kənd adıdır. 1897-ci ildə burada 155 nəfər azərbaycanlı yaşayıb. 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunub və kənd Yuxarı Şəhərcik kəndi ilə birləşdirilərək ləğv edilib.

Aşağı Şorca - Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonda kənd adıdır. Kəndin başqa adları Yeni Keyti, Salman kənd olub. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə qırğınlarla qovulublar. Sağ qalan azərbaycanlılar 1920-ci ildə geri qayıtsalar da, nəhayət, 1988-ci ilin noyabr-dekabr aylarında yenidən didərgin salınıblar.

Sonda vurğulanır ki, adı çəkilən toponimlərin taleyi bir daha onu göstərir ki, ermənilər tərəfindən Qərbi Azərbaycanda xalqımızın zəngin maddi-mənəvi irsi şüurlu və planlı şəkildə tamamilə məhv edilib: "Təbii ki, aparılan saxtalaşdırmalar azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasətidir. Amma Qərbi Azərbaycan hədəfinə addım-addım yaxınlaşma şovinist erməni siyasətini nəticəsiz qoyacaq".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca - Türk tarixinin izi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
2
oxu.az

10Mənbələr