Şahmat tarixində birinci rəsmi çempion olan Vilhelm Steynits həm dövrünün ən böyük dahisi, həm də faciəli taleyin sahibi idi. O, oyun qaydalarını dəyişdi, yeni nəzəriyyələr yaratdı, amma ömrünün sonunda yoxsulluq və ruhi xəstəlik içində dünyadan köçdü.
Uşaqlıq və şahmata gəliş
Steynits 1836-cı ildə Praqada yoxsul yəhudi ailəsində dünyaya gəlib. 12 yaşında şahmatla tanış olub və ömrünü bu oyuna həsr edib. Təhsilini yarımçıq qoyaraq bütün gücünü şahmata və publisistikaya yönəldib.
Tac uğrunda mübarizə
1866-cı ildə Adolf Andersenə qalib gələrək qeyri-rəsmi şəkildə dünyanın ən güclü şahmatçısı sayıldı. O, kombinasion “romantik şahmat”ı arxada qoyub pozision şahmat məktəbinin banisi oldu. 1886-cı ildə Yohann Tsukertortu məğlub edərək tarixə ilk rəsmi dünya şahmat çempionu kimi düşdü.
Zəfərlər və məğlubiyyətlər
Steynits titulu bir neçə dəfə müdafiə etdi, o cümlədən güclü rus ustası Mixail Çiqorinə qarşı. Lakin yaşlandıqca gücü azaldı. 1894-cü ildə gənc Emanuel Lasker ona qalib gələrək şahmat tacını ələ keçirdi. Təkrar matçda isə daha ağır məğlubiyyət alması Steynitsin psixikasını sarsıtdı.
Son illər və faciəvi son
Keçmiş çempion həyatının son illərində həm maddi sıxıntılar, həm də ruhi xəstəliklərlə üzləşdi. Şahmatdan kənarda jurnalistika və hətta simsiz telefon layihələri ilə məşğul olsa da, uğur gətirmədi. 1900-cü ildə Nyu-Yorkda psixiatrik xəstəxanada vəfat etdi.
Mirası
Steynits şahmatı köklü şəkildə dəyişdirən insandır. Mərkəzə nəzarət, möhkəm müdafiə və tədrici üstünlük prinsipləri bu günün şahmatının əsas qaydalarıdır. Onun adı həmişə şahmat tarixinin başlanğıc səhifəsində qalacaq.
İmran Kərimli