AZ

BMT Baş katibi: Ukraynada sülh prosesində qısa müddətdə irəliləyişin olacağı ilə bağlı nikbin deyiləm

Vaşinqton, 16 sentyabr, AZƏRTAC

Mən Ukraynada sülh prosesində qısa müddətdə irəliləyişin olacağı ilə bağlı nikbin deyiləm.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransı zamanı BMT Baş katibi Antonio Quterreş deyib. O bildirib ki, BMT mövqeyi çox aydındır və BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və Baş Assambleyanın qətnamələrinə əsaslanan atəşkəs əldə olunmalıdır.

“İndi hər iki tərəfin mövqeyi bir-birinə uyğun gəlmir. Rusiyanın Ukraynaya təcavüzündən sonra biz Rusiya Federasiyasının atəşkəs fikrinə güclü şəkildə müqavimət göstərdiyini gördük. Qlobal razılaşmanın zəruri olduğunu və buna nail olmağın nə qədər çətin olduğunu hamımız bilirik. Beləliklə, qorxuram ki, bu müharibənin ən azı bir müddət davam etməsi və indi də xüsusilə ağır zorakılıqla davam etməsinin şahidi ola bilərik. Bu müharibə mülki şəxslərə böyük təsir göstərir və bu, təəssüf doğurur. Hər iki tərəfin mövqeyini çox fərqli görürəm. Hesab edirəm ki, Ukraynanın öz ərazi bütövlüyünü qorumaqda qanuni haqqı var və aydındır ki, Rusiya Ukraynana məxsus böyük ərazilərin işğalını saxlamaq istəyir”, - deyə Baş katib əlavə edib.

 

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
1
3
azertag.az

4Mənbələr