Tbilisi, 16 sentyabr, AZƏRTAC
Ukrayna hakimiyyətinin Gürcüstana qarşı kobud münasibəti narahatedicidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. Baş nazir deyib ki, ötən həftə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iki Ukrayna vətəndaşının külli miqdarda “heksogen” partlayıcı maddə ilə saxlanması barədə məlumat yayıb. DTX-nin məlumatına görə, həmin maddənin son çatdırılma məntəqəsi Tbilisidəki ev olub və partlayıcı maddələr Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılanlara təhvil verilib. Onun sözlərinə görə, media partlayıcıların oktyabrın 4-də keçirilən etiraz aksiyasında istifadə edilməsinin planlaşdırıldığını iddia edir.
“Ukrayna hakimiyyətinin ölkəmizə qarşı belə kobud münasibət sərgiləməsi çox təəssüf doğurur. Qalan təfərrüatları Dövlət Təhlükəsizlik Xidməti araşdırmalıdır. İşdə iştirak edən konkret şəxs, saxlanılan şəxs birbaşa Ukraynanın Təhlükəsizlik Xidmətindən tapşırıq aldığını bildirib. Bu maddənin son təyinat məntəqəsinin Tbilisi olduğu bilinəndə, bu işin arxasında hansı niyyətlərin dayandığı ilə bağlı suallar doğur”, – deyə Kobaxidze bildirib.
Qeyd edək ki, məlumata görə, Ukraynadan gələn partlayıcılar Rumıniya, Bolqarıstan və Türkiyə vasitəsilə Gürcüstana çatdırılıb. Gürcüstan DTX ölkə ərazisində həm avtomobilin sürücüsünü, həm də əlaqə saxladığı şəxsi saxlayıb. Axtarışlar zamanı saxlanılan şəxslərin üzərindən 8 ədəd mobil telefon, 1 ədəd kompüter, elektron daşıyıcı, külli miqdarda nağd pul, müxtəlif ölkələrdən SİM kartlar, kokain aşkar edilib.“Partlayıcı maddələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması” və “Narkotik vasitələrin qanunsuz dövriyyəsi” maddələri üzrə araşdırma aparılır.
Tbilisi