AZ

Rusiyadan neft alan 2 ölkəyə görə Trampın planları kağız üzərində qalır...


Ən çox müqavimət göstərən ölkə Macarıstan olacaq, Slovakiya isə alternativlər açıldıqca kompromisə meylli görünür

ABŞ prezidenti bəyan edib ki, Moskvaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır, bir şərtlə ki, Avropa da ABŞ-ın hərəkətlərinə uyğun olaraq məhdudiyyətləri sərtləşdirsin. Xüsusilə də Tramp avropalıların Rusiyadan neft almasından narazıdır.

Avropada bir necə ölkə Rusiyadan neft alır. Bu ölkələrdən Macarıstan və Slovakiya faktiki Rusiyaya sanksiya məsələsinə mane olur. Lakin neft idxalını şaxələndirmək istiqamətində cəhdlərdə bulunan Bolqarıstan və Çexiya da Rusiyadan kəmər vasitəsilə ("Dostluq" kəməri) neft alır. Bu işin axırı nə olacaq? ABŞ və Avropa birlikdə Macarıstan və Slovakiyaya təzyiq edə bilərmi?

Baki-xeber.com nəşrinə görə, bu məsələ çox vacib məqamı özündə ehtiva edir, çünki ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı vahid sanksiya siyasəti əsasən enerji asılılığı məsələsində zədələnir.

Macarıstan və Slovakiyanın Rusiyadan neft idxalının davam etməsinin əsas səbəbi “Drujba” (Dostluq) kəmərinə bağlılıqdır. Onların əksəriyyətinin neft emalı zavodları texniki cəhətdən Rusiyanın "Urals" markali neftinə uyğunlaşdırılıb. Bu səbəbdən onlar AB-nin sanksiyalarında istisna tələb edirlər.

Bolqarıstan və Çexiya isə müəyyən qədər şaxələndirməyə cəhd etsələr də, hələ də həmin kəmərə bağlıdırlar.

Donald Trampın açıqlamasının səbəbi sadədir - ABŞ istəyir ki, Rusiya neftindən gələn gəlirlər tamamilə kəsilsin. Əks halda, ABŞ-ın sanksiyaları təsirini itirir. Vaşinqton hesab edir ki, Avropanın bəzi ölkələri Rusiya üçün "maliyyə nəfəsliyi" rolunu oynayır.

Mümkün nəticələr

ABŞ Avropanı vahid mövqe sərgiləməyə məcbur etməyə çalışacaq. Avropa İttifaqında isə qərarlar yekdilliklə (konsensusla) qəbul olunur, buna görə Macarıstan və Slovakiya daim əngəl yaradır.

AB-dən daxili təzyiq kimi Macarıstana qarşı maliyyə mexanizmlərinin (fondların dayandırılması, büdcə vəsaitlərinin şərtləndirilməsi) istifadəsi mümkündür. ABŞ isə bu ölkələrdəki şirkətlərə və banklara dolayı sanksiyalar tətbiq edə bilər.

Slovakiya və Çexiya artıq Xorvatiya limanı üzərindən başqa mənbələrdən neft alma ssenarisini test edirlər. Bolqarıstan 2026-cı ildən etibarən Rusiya neftindən tam imtina etməyi planlaşdırır. Macarıstan isə siyasi baxımdan daha çox müqavimət göstərir və Moskva ilə yaxın münasibətləri qorumağa çalışır.

Qısamüddətli perspektivdə Macarıstan və Slovakiya güzəştləri qoruyacaq, ABŞ-ın sərt sanksiya tələbini isə Avropa tam icra edə bilməyəcək. Yəni vahid blokda yenə də “çat” yaranacaq.

Orta müddətə (2-3 il) gəldikdə, şaxələndirmə layihələri (Xorvatiya, Polşa limanları vasitəsilə yeni marşrutlar) işə düşdükcə, bu ölkələrin Rusiyadan asılılığı azalacaq. Rus neftindən imtina etmək imkanlari genişlənəcək. O halda rus neftindən imtina etmək barədə siyasi qərarlar vermək imkanı asanlaşacaq.

Uzunmüddətli perspektivdə isə ABŞ və Avropa birgə təzyiq mexanizmləri ilə Macarıstanı da məcbur edə bilər. Çünki maliyyə və enerji bazarlarında təcrid olunmaq Budapeşt üçün ciddi iqtisadi risq yarada bilər.

Yəni ABŞ və Avropa birlikdə Macarıstan və Slovakiyaya təzyiq edə bilər, amma bu dərhal yox, mərhələli şəkildə baş verəcək. Ən çox müqavimət göstərən ölkə Macarıstan olacaq, Slovakiya isə alternativlər açıldıqca kompromisə meylli görünür.

Akif NƏSİRLİ

Seçilən
19
baki-xeber.com

1Mənbələr