Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur artıq özünün yeni yüksəliş dövrünü yaşayır. Bu fonda həmin ərazilərdə sahibkarlığın inkişafı da xüsusi diqqət məkəzində yer alır. Çünki bu hal sözügedən ərazilərin inkişafı üçün mühüm faktorlardan biri hesab edilir.
Ümumiyyətlə, 2020-ci ildə başa çatan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, uzun illər işğal və dağıntılar altında qalmış torpaqların dirçəldilməsi üçün geniş imkanlar yaradıb. Hazırda başlıca məqsədlərdən biri bu ərazilərin sürətli inkişafı, infrastrukturun bərpası, insanların doğma yurdlarına qayıtması və bölgənin ölkənin iqtisadi-sosial həyatına inteqrasiyasıdır.
Sənaye parkları azad ərazilərdə iqtisadiyyatın mühüm hissəsidir
Azərbaycan hökuməti işğaldan azad edilmişərazilərdə sahibkarlığın inkişafını sürətləndirmək üçün xüsusi proqramlar qəbul edib. “Böyük Qayıdış” proqramı çərçivəsində infrastrukturun bərpası, nəqliyyat-kommunikasiya xətlərinin çəkilməsi, enerji təminatının qurulması sahibkarların fəaliyyətinə əlverişli şərait yaradır. Dövlət Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ərazilərdə fəaliyyət göstərmək istəyən iş adamlarına güzəştli kreditlər ayrılır. Bundan əlavə, investorlara vergi güzəştləri, gömrük imtiyazları və müxtəlif təşviq mexanizmləri təqdim olunur.
Hazırkı tendensiyalara əsasən, 2026-cı ilədək azad edilən ərazilərdə sahibkarlıq fəaliyyətinin intensiv inkişafı gözlənilir. Artıq Ağdam Sənaye Parkı, Cəbrayıl Sənaye Parkı və Şərqi Zəngəzur İqtisadi Rayonunda yeni layihələrin icrasına başlanıb.Xarici investorların da bu ərazilərə marağı artır. İnvestisiya forumları və beynəlxalq sərgilərdə Qarabağ bölgəsinin təqdim olunması yeni tərəfdaşlıqların yaranmasına zəmin yaradır. Məlumdur ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır. Bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi də fəaliyyət göstərir. Sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər.İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı dövlətimizin başçısının 2021-ci il 28 may tarixli fərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Bir müddət öncə isə prezident İlham Əliyev “Latifa” Laçın tikiş fabrikinin açılışında iştirak edib.O, hələ2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” nəzdində fəaliyyət göstərir. Rayonun Zerti kəndində yerləşən parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Yaxın tezlikdə sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri məhz “Latifa” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.
Sahibkarlığın tərəqqisi köçkünlərin doğma yurdlarına qayıdışını sürətləndirir
Qarabağ və Şərqi Zəngəzurun münbit torpaqları kənd təsərrüfatının inkişafı üçün əlverişli imkanlar yaradır. Burada taxılçılıq, üzümçülük, maldarlıq, bağçılıq və arıçılıq ənənəvi sahələr kimi diqqət çəkir. Aqroparkların yaradılması və müasir suvarma sistemlərinin tətbiqi sahibkarların bu sahədə uğurlu fəaliyyətinə zəmin yaradır. Qarabağın zəngin təbiəti, mədəni irsi və müalicəvi mineral bulaqları turizm üçün geniş imkanlar açır. Şuşa, Kəlbəcər və Laçın kimi bölgələrdə otellər, istirahət mərkəzləri, kənd turizmi layihələri sahibkarlıq üçün yeni perspektivlər yaradır. Bu sahə həm daxili, həm də xarici turistlərin cəlb edilməsində mühüm rol oynayacaq.
Yeni yollar, dəmir yolları və Zəngəzur dəhlizinin açılması ilə region tranzit mərkəzinə çevriləcək. Sahibkarlar üçün ticarət mərkəzləri, logistika şirkətləri və xidmət sahələrinin yaradılması böyük iqtisadi fayda verəcək. 2026-cı ilə qədər Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətinin daha da genişlənəcəyi gözlənilir. İnfrastrukturun tamamlanması, yeni sənaye parklarının istifadəyə verilməsi, kənd təsərrüfatı və turizm sahəsində layihələrin icrası sahibkarlığın inkişafını sürətləndirəcək. Xarici investorların da bu ərazilərə marağı artmaqdadır ki, bu da beynəlxalq əməkdaşlığa yeni imkanlar açır. İşğaldan azad edilən ərazilərdə sahibkarlığın inkişafı yalnız iqtisadi gəlirlər deyil, həm də mühüm sosial nəticələr doğurur. Əvvəla,köçkünlərin doğma yurdlarına qayıdışını sürətləndirir. Yeni iş yerləri yaradır, məşğulluğu artırır. Regionların sosial rifahını yüksəldir. Yerli istehsalı gücləndirərək idxaldan asılılığı azaldır. Hazırda Qarabağ və Zəngəzurda 50 mindən çox insan yaşayır və bu say sürətlə artır. Mina təmizlənməsi prosesi isə qayıdışı təhlükəsiz şəkildə təmin etmək üçün davam edir. Azad edilmiş ərazilərin reinteqrasiyası Azərbaycanın iqtisadiyyatını gücləndirməklə yanaşı, regionun geosiyasi mənzərəsinə də təsir göstərir. Xüsusilə Zəngəzur dəhlizi Asiya ilə Avropanı birləşdirəcək yeni nəqliyyat arteriyası kimi Azərbaycanın regional logistik mərkəz rolunu möhkəmləndirəcək. Qarabağ və Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın gücünü, iradəsini nümayiş etdirir. Bu, həm də iş adamları üçün sözügedən ərazilərdə yaradılan münbit şəraitdən faydalananların sayını çoxaldır. Beləliklə, işğaldan azad edilən ərazilərdə sahibkarlığın inkişafı Azərbaycanın ümumi iqtisadi strategiyasının mühüm tərkib hissəsidir. Dövlət dəstəyi, biznes təşviqləri və mövcud potensial bu bölgələri yaxın illərdə ölkənin ən perspektivli iqtisadi zonalarına çevirəcək. Sahibkarlığın inkişafı həm Qarabağın sosial-iqtisadi dirçəlişinə, həm də Azərbaycanın dayanıqlı inkişaf modelinə mühüm töhfə verəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.