AZ

Almaniya rəhbərliyi Polşa Prezidentinin Berlinə səfəri zamanı səsləndirdiyi təzminat tələbini qətiyyətlə rədd edib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Berlin, 16 sentyabr, AZƏRTAC

Polşa Prezidenti Karol Navrotskinin Berlinə ilk rəsmi səfəri Almaniya-Polşa münasibətlərində həssas mövzuların gündəmə gətirilməsi ilə yadda qalıb.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Polşa Prezidenti Almaniyadan İkinci Dünya müharibəsinin fəsadlarına görə 1,3 trilyon avro məbləğində təzminat tələb edib. Lakin Almaniya rəhbərliyi bu tələbi qəti şəkildə rədd edərək, bunun hüquqi baxımdan bağlanmış mövzu olduğunu bəyan edib.

Prezident Frank-Valter Ştaynmayer də mövqeyini sərt şəkildə ifadə edərək bu məsələnin Almaniya baxımından hüquqi cəhətdən yekun olaraq həll edildiyini bildirib. Bununla belə, xatirə və anım fəaliyyətlərinin təşviqinin ortaq məqsəd olaraq qalacağı diqqətə çatdırılıb.

Federal Kansler Fridrix Merz də Polşa Prezidentinin tələbinin qəbuledilməz olduğunu bildirib, Almaniyanın mövqeyinin dəyişmədiyini vurğulayıb. Kansler Almaniya ilə Polşa arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini ön plana çəkərək, Rusiya təhlükəsi fonunda Berlinin Varşavaya dəstəyinin davamlı olacağını bəyan edib. F.Merts Almaniyanın Polşanın yanında möhkəm və sarsılmaz şəkildə dayandığını, NATO-nun şərq cinahının və Baltik regionunun müdafiəsinin prioritet olduğunu qeyd edib.

K.Navrotski Berlinə səfərindən əvvəl “Bild” qəzetinə açıqlamasında təzminat məsələsinin hüquqi baxımdan yekunlaşmadığını, Almaniya Kansleri və Prezidenti ilə razılığa gələcəyinə əminliyini bildirmişdi. O, ölkəsinin 1,3 trilyon avroluq tələbinin dərin və elmi əsaslara söykənən yeganə rəqəm olduğunu ifadə etmişdi.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
1
azertag.az

2Mənbələr